21 Aprel 2018 10:09
4 834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda adam öldürməkdə təqsirləndirilən 18 yaşlı Mirismayıl Hüseynov barəsində olan hökmdən prokurorun verdiyi apelyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, ittihama görə, qətl hadisəsi 2016-cı il dekabrın 14-də Nəsimi rayonunda “Memar Əcəmi” metrostansiyasının qarşısında baş verib.

İmişliyə gedən Mirismayıl Hüseynov bacısının telefonla 21 yaşlı Ələkbər Muxtarovla yazışdığın görüb. O, Feysbukda başqa profil açaraq bacısı ilə danışan şəxsə yazmağa başlayıb. Ələkbər Muxtarov ona saxta profildən yazıldığını hiss edib və həmin şəxsi bloka atıb.

Bundan sonra Mirismayıl Hüseynov bacısının telefon nömrəsindən birbaşa Ələkbəri yığıb və onunla görüşmək istədiyini deyib. Əsgərlikdən yeni gələn Ələkbər görüşə gəlməyə razılaşıb. Görüş zamanı mübahisə düşüb və Mirismayıl Ələkbəri bıçaqlayaraq öldürüb.

Mirismayıl Hüseynovun valideynləri boşanıb. O, atası ilə, bacısı isə İmişli rayonunda anası ilə yaşayırmış.

Qətli törədən Mirismayıl Hüseynov Bakı Biznes Kooperasiya Kollecinin 1-ci kurs tələbəsi olub.

O, ilkin ifadəsində cinayəti qisqanclıq zəminində törətdiyini etiraf edib. Bildirib ki, öldürdüyü şəxsin sosial şəbəkədə 13 yaşlı bacısı ilə danışıb, görüşə dəvət etdiyi üçün cinayətə əl atıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mirismayıl Hüseynov 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apelyasiya protesti və zərərçəkmiş isə apelyasiya şikayəti verib. Onlar təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını tələb ediblər.

Prokuror Mirismayıl Hüseynovun cəzasının 10 ilə qədər artırılmasını tələb edib.

Bakı Apelyasiya Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli qərarı ilə prokurorun apelyasiya protesti və zərərçəkmişin apelyasiya şikayəti təmin edilməyib.

Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. Prokurorun protesti üzrə Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrlik etdiyi kollegiyada qərar elan edilib.

Qərara görə, prokurorun protesti təmin edilib və Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.

Apelyasiya instansiyasında bu dəfə prokurorun protesti hakim Mirpaşa Hüseynovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Aprelin17-də keçirilən prosesdə prokurorun protesti üzrə qərar elan edilib. Qərara görə, prokurorun protesti yenə də təmin edilməyib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.


Müəllif: Hacı Zeynalov