21 Aprel 2018 19:14
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyəzən rayonunda baş verən oğurluq hadisəsinin üstü açılıb.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Gülçin Əmiraslanov oğurluq hadisəsi ilə üzləşməsi barədə Siyəzən rayon polis şöbəsinə ərizə ilə müraciət edib.

O, Zarat kənd ərazisində yerləşən evindən ümumi dəyəri 4270 manat olan qaynaq aparatı, kondisioner mühərriki, otbiçən maşının mühərriki, 480 metr elektrik naqili, xalça, su mühərriki və müxtəlif məişət əşyalarının oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmin kənd sakini, əvvəllər məhkum olunmuş Şərafəddin Fərzəliyev həbs edilib.

Dindirilmə zamanı o, törətdiyi cinayəti etiraf edib, evdə yaşayış olmadığından istifadə edərək oğurluğu törətdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov