25 Aprel 2018 10:21
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dələduzluqda təqsirləndirilən Emil Hüseynovun barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Namiq Məmmədovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra Emil Hüseynovun apelyasiya şikayətinin dəlilləri müəyyən edilib. Emil Hüseynov apelyasiya şikayətində barəsində həbs olmayan cəza növünün tətbiq edilməsini istəyib.

Həmçinin məlum olub ki, cinayət işi üzrə zərərçəkmişlər – Namiq Mehdiyev və Tural Hüseynov da apelyasiya şikayəti veriblər. Onlar təqsirləndirilən şəxsə qarşı olan mülki iddialarının təmin edilməsini istəyib.

Növbəti proses mayın 7-də davam edəcək.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Emil Hüseynov 9 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin qərarı ilə onun barəsində olan başqa yerə getməmək barədə qətimkan tədbiri ləğv edilib, o, məhkəmə zalında həbs edilib.

İttihama görə, təqsirləndirilən Emil Hüseynov Emin Məmmədovdan külli miqdarda pul alaraq Elnar Əsgərova (keçmiş Nəqliyyat nazirinin müavinin oğlu-red.) verib.

Emil Hüseynov eyni zamanda Tural Hüseynovun etibarından sui-istifadə edərək, onun 382 min dollar, Namiq Mehdiyevin 80 min manat, Emil Məmmədovun 2 milyon 500 min dollar, Mərziyyə Rzayevanın isə 19 min 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanıb. Cinayət materiallarına əsasən, Emil Hüseynov həmin vətəndaşları Gürcüstan Respublikasından izolyasiya və digər materiallar gətirmək adı ilə aldadıb.

Cinayət işində ümumi ziyan 9 milyon manatdır.

Emil Hüseynov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur. Elan olunmuş ittiham üzrə Emil Hüseynov özünü qismən təqsirli bilib.

Qeyd ki, Emil Hüseynov barəsində seçilmiş həbs qətimkan tədbiri sonradan ev dustaqlığı ilə əvəz edilib. O, sabiq Nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı oğludur.

Emil Hüseynovun digər qardaşı Rahib Hüseynov da eyni ittiham üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Onun işinə hakim Mirzə Xankişiyev baxır.


Müəllif: Hacı Zeynalov