25 Aprel 2018 11:20
983
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Əfqanıstan Veteranları İctimai Birliyinin sədri, 1961-ci il təvəllüdlü Məhəmməd Vəliyev və onun müavini, 1961-ci il doğumlu Cavan Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə şahid qismində Aydın Vəliyev ifadə verib.

O bildirib ki, 2005-ci ildən dəfələrlə torpaq üçün birliyə ərizə ilə müraciət edib:

“Bəziləri saxta vəsiqə alıb, amma mən Əfqanıstanda canımı qoymuşam, ikinci qrup əliləm. Cavan Əhmədov mənə dedi ki, torpağın sotuna 2500 manat ver, biz buranı pulla almışıq. Mənim də pulum olmadığı üçün heç nə vermədim. Neçə dəfə şikayət etdik, baxan olmadı. Prezident qərar verdi ki, korrupsiyanın qarşısını almaq lazımdı. Ondan sonra bizim işimizə baxıldı”.

Cavan Əhmədov isə şahidi ilk dəfə burada gördüyünü deyib.

Qarabağ müharibəsi veteranı Rauf Həsənov bildirib ki, qohumu Arzuman Həsənov onun adından torpaq almaq üçün müraciət edib:

“Arzuman torpağı alıb başqasına satdı. Amma mənim bu prosesdən xəbərim olmayıb, sadəcə etibarnamə vermişdim. Kiməsə pul verib-vermədiyini bilmirəm”.

Daha sonra məhkəməyə gəlməyən şahidlər barəsində məcburi gətirilmə haqqında qərar qəbul edilib.

Növbəti proses mayın 2-də davam edəcək.

İttihama görə, təqsirləndirilən şəxslər vətəndaşın etibarından sui-istifadə edərək dələduzluq etməkdə, rüşvət almaqda və rəsmi sənədləri saxtalaşdırmaqda ittiham olunurlar.

Onlardan şikayət edən zərərçəkmişlər də veteranlardır.

Şikayətçilər bildiriblər ki, 8 mindən çox üzvü olan İctimai Birlikdə korrupsiyaya yol verilib, veteranlara ayrılmış torpaq sahəsi üçün külli miqdarda pul tələb olunub.


Müəllif: Hacı Zeynalov