25 Aprel 2018 14:16
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaş rayonunda işıq pulu yığanı öldürməkdə təqsirli bilinən 60 yaşlı Dursun Muğumovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, ötən il dekabrın 24-də Ağdaş rayonunun Aşağı Zeynəddin kəndində rayon sakini Dursun Muğumov münaqişə zəminində həmyerlisi Baxşalı Əliyevin baş nahiyəsinə ağac parçası ilə xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilmiş Baxşalı Əliyev orada ölüb.

Ağdaş rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Dursun Muğumov saxlanılıb.

Aşağı Zeynəddin kəndində yaşayan 60 yaşlı Dursun Muğumovla ağacla öldürdüyü 51 yaşlı Baxşalı Əliyev qohum olub. Dursun Muğumov Baxşalı Əliyevin qardaşının qayınatasıdır.

Məlum olub ki, Baxşalı Əliyev “Azərişıq”ın yerli idarəsində nəzarətçi işləyib. O, elektrik enerjisi sərfiyyatına görə yaranmış borc səbəbindən qardaşının qayınatasının xəttini kəsib. Bundan əsəbiləşən Dursun ağac parçası ilə idarə işçisinə hücum edib və onun başına zərbə endirib.

Ağır xəsarət alan 51 yaşlı Baxşalı Əliyev xəstəxanaya aparılıb və orada ölüb.

İstintaq orqanı tərəfindən Dursun Muğumovun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib.

Növbəti proses mayın 27-də davam edəcək.


Müəllif: Hacı Zeynalov