25 Aprel 2018 16:56
1 123
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda oğurluq və qətl törətməkdə təqsirli bilinən Maqsud Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, qətl hadisəsi ötən il avqustun 25-də Abşeron rayonunun Saray qəsəbəsi, “Üzümlük” adlanan ərazidə qeydə alınıb.

Belə ki, həmin ərazidə Məmməd Sərxanova məxsus evə girən naməlum şəxs ev sahibinin başına taxta ilə vuraraq, onu öldürüb. O, daha sonra ev sahibinin həyat yoldaşı Zeynəb Sərxanovanı hədələyərək pul tələb edib. Məqsədinə çata bilmədikdə isə qadına da xəsarət yetirərək, hadisə yerindən qaçıb.

Zeynəb Sərxanova xəstəxanaya yerləşdirilib və sağaldıqdan sonra evə buraxılıb.

Abşeron rayon Polis Şöbəsi və prokurorluq əməkdaşlarının birgə keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində hadisənin rayon sakini, 1974-cü il təvəllüdlü Maqsud Əliyev tərəfindən törədilməsi müəyyən edilib.

İstintaq araşdırması zamanı məlum olub ki, Maqsud Əliyev avqustun 21-də Xırdalan şəhərində yaşayan Sevda Hüseynovanın da mənzilinə basqın edib. O, bıçaqla hədələyib, ondan pul və qızıl zinət əşyaları tələb edib.

Məhkəmədə ifadə verən Maqsud Əliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, törətdiyi cinayəti etiraf edib.

Daha sonra zərərçəkmişin hüquqi varisi və şahidlər ifadə verib.

Növbəti proses mayın 2-də davam edəcək.


Müəllif: Hacı Zeynalov