11 Avqust 2014 16:44

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində məmur oğlunu öldürməkdə və xuliqanlıqda ittiham olunan Tural Əliyev, Elçin Baxşıyev, Seymur Fərzəliyev və Ramin Rzayevin cinayət işi üzrə məhkəmə keçirilib.

Teleqraf.com-un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Tural Əliyevin 14 il, Elçin Baxşıyev 5 il, Seymur Fərzəliyev 5 il və Ramin Rzayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Elçin Baxşıyev, Seymur Fərzəliyev və Ramin Rzayev məhkəmə zalından həbs ediliblər.

İttihama görə, Tural Əliyev ötən il oktyabrın 15-də saat 19.00-da Biləcəri qəsəbəsində Elçin Baxşıyevin “Toyoto Prado” markalı avtomaşında qızla söhbət etdiyini görüb. Tural onlara yoldan uşaq-qadın keçdiyi üçün başqa yerə getməyi təklif edib. Bundan narazı qalan Elçin Baxşıyev Turala “məsələni həll etmək” üçün başqa yerdə görüş təklif edib, mobil nömrəsini ona verib.

Elçin Baxşıyev avtomaşınla oradan uzaqlaşdıqdan sonra dostları Seymur Fərzəliyev və Əli Məlikovla, Tural da öz dostları Ramin Rzayev və Səbuhi Məmmədovla təyin olunmuş yerə gəliblər. Əvvəlcə mübahisə edib, sonra dalaşıblar. Dava zamanı Tural Əliyev bıçaqla Əli Məlikovu vurub və yaralı hadisə yerində ölüb. Elçin Baxşıyevlə Seymur Fərzəliyev isə qaçıb canlarını qurtarıblar.


Öldürülən Əli Məlikov Azərbaycan Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin kadr, dövlət qulluğu və qurumlarla iş şöbəsinin müdiri Natiq Məlikovun oğludur. Əli Məlikov ailənin tək oğlu imiş. Hadisə zamanı xəsarət almış digər iki şəxsin də iş adamlarının övladı olduğu bildirilir.

Hacı Zeynalov


Müəllif:
Загрузка...