11 Avqust 2014 17:03
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəki rayon Məhkəməsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Salyan rayon sakini, 1965-ci il təvəllüdlü Rafiq Novruzovun məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, hakim Kamran Süleymanova hökm oxunub. Məhkəmənin hökmü ilə Rafiq Novruzovun ittiham olunduğu Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi sübuta yetirilməyib.

Məhkəmə Rafiq Novruzovun barəsində bəraət hökmü çıxarıb. O, məhkəmə zalından dərhal azadlığa buraxılıb.

Qeyd edək ki, ötən ilin martın 5-də, Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 45-ci km-də, Şəkinin Göybülaq kəndi ərazisində ağır yol qəzası baş verib. Rahim Qurbanovun idarə etdiyi VAZ-21010 markalı avtomobillə Rafiq Novruzov idarə etdiyi HOVO markalı yük avtomobili ilə toqquşub. Minik avtomobilinin sürücüsü hadisə yerindəcə dünyasını dəyişib.

Yük avtomobilinin sürücüsü isə bildirib ki, qəzaya səbəb minik avtomobilinin sürücüsünün ötmə əməliyyatı edərkən sürət həddini düzgün seçməməsi olub. Nəticədə avtomobil sürüşərək öz hərəkət zolağından çıxıb və qarşıdan gələn yük avtomobilinin ön hissəsinə çırpılıb. Zərbənin gücündən minik avtomobili tamamilə yararsız hala düşüb.

İstintaq araşdırması zamanı Rafiq Novruzov təqsirli bilinib və onun barəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham verilib.

Hacı Zeynalov


Müəllif: