16 May 2018 11:14
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xudat şəhərində bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən Rusiya vətəndaşı, 1993-cü il təvəllüdlü Rinat Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Rinat Ağayev 8 iyul 2016-cı il tarixdə saat 22 radələrində Xudat şəhərində dəmir yolu vağzalının yaxınlığında öz tanışı Coşqun Tağıyevlə məişət zəminində mübahisə edib.

Lakin həmin vaxt ümümi tanışları İlqar Xurşudov onları ayıraraq, mübahisəyə son qoyub.

Həmin gün saat 23 radələrində Coşqun Tağıyev Rinat Ağayevlə telefon əlaqəsi saxlayıb, onunla görüşmək istədiyini bildirib. Daha sonra Coşqun Tağıyev əlində bel sapı Rinat Ağayevin yaşadığı evin yaxınlığına gəlib. Onların arasında təkrar mübahisə baş verib.

Coşqun Tağıyev əlindəki bel sapı ilə Rinat Ağayevə hücum çəkib. Rinat Ağayev isə yerdən götürdüyü daşla Coşqunun sol gözündən vurub. Nəticədə onun gözü görmə qabiliyyətini itirib. Polis Rinat Ağayevi həbs edib.

İstintaq orqanı tərəfindən Rinat Ağayevin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rinat Ağayev 2 il 4 ay 11 gün müddətinə azadlıqdan məhrum edilib.

Rinat Ağayevin barəsində istintaq dövründə başqa yerə getməmək barədə qətimkan tədbiri ləğv edilib və məhkəmə zalında həbs olunub.

Hökmdən narazı qalan Rinat Ağayev apelyasiya şikayəti verib. O bildirib ki, Coşqun Tağıyevlə mübahisələri dava-dalaşa səbəb olsa da, əks tərəfdən heç bir şikayət hüquq-mühafizə orqanlarında qeydiyyata alınmayıb.

Hətta onun tərəfindən xəsarət alana tibbi yardım göstərilib, həmçinin normal həyata qayıdışı və sağlamlığı üçün maddi cəhətdən nə lazımsa, hamısı həyata keçirilib: “Lakin sonradan kimlərinsə, lap dəqiqi bibisinin təhriki ilə zərərçəkmiş şəxs məhkəməyə müraciət edib. Bu səbəbdən barəmdə çıxarılan hökm qərəzli və ədalətsizdir”.

O, peşmançılığını, ilk dəfə məhkum edilməsini və valideyinlərinin xəstə olmalarının nəzərə alınaraq, barəsində ədalətli qərar çıxarılmasını xahiş edib.

Rinat Ağayevin şikayəti Sumqayıt Apelyasiya Məhkəməsində hakim Vidadi Cəfərovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Hakim heyəti apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar açıqlayıb.


Müəllif: Hacı Zeynalov