16 May 18:02

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Əməliyyat-texniki İdarənin sabiq işçisi, polkovnik Elşad Əzizov apelyasiya şikayəti verməkdən imtina edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Bakı Hərbi Məhkəməsində bildirilib.

Elşad Əzizov hökmdən razı qaldığını deyib.

Məlumata görə, təqsirləndirilən şəxslərin Bakı Hərbi Məhkəməsinin hökmündən apelyasiya şikayəti verilməsi barədə müddət başa çatıb.

Cinayət işi üzrə təqsirləndirilən şəxslər ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətova, Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev apelyasiya şikayətlərini məhkəməyə təqdim ediblər.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov 14 il, Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev 12 il, MTN-in digər vəzifəli şəxsləri Füzuli Əliye 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Anar Şirəliyev 3 il, Eşqin Əliyev 3 il müddətinə azadləqdan məhrum ediliblər.

Digər təqsirləndirilənlər Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətova 5 il, onun idarəsinin əməkdaşı Fərhad Atayev 3 il, Elşad Əzizov 3 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib.

Şərti cəza alan təqsirləndirilən şəxslər məhkəmə iclas zalından azadlığa buraxılıb.

Hökmə əsasən Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətovanın rütbələrinin alənması barədə Prezident İlham Əliyevə təqdimat göndərilməsi barədə qərar qəbul edilib.

Qərara görə, hökm qanuni qüvvəyə minəndən sonra hər üç general Prezidentin sərəncamı ilə general rütbəsindən məhrum ediləcək.

Hökmdə Dövlət Təhlükəsizlik Xidmətinin 1 milyon manatlıq mülki iddiası da təmin edilib. Zərərçəkmişlərin mülki iddiası isə qismən təmin edilib, bəzi epizodlar üzrə iddialar təmin edilməmiş saxlanıb.

Daşkəsən icra hakimiyyətinin vəzifəli şəxsləri barədə epizod ittihamdan xaric edilib.

İş adamı Kamal Seyfullayevə qarşı 2 milyon manatlıq mülki iddia da itihamdan xaric edilib.

Həmçinin generallar və digərlərinin üzərinə həbs qoyulmuş mülklərinin bir qismi müsadirə olunub, bəzilərinin üzərindən həbs götürülüb.


Müəllif: Hacı Zeynalov
Загрузка...