17 May 11:07

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxslərinin işində zərərçəkmiş qismində tanınmış və sonradan barəsində dələduzluq ittihamı ilə cinayət işi başlanmış Biləcəri qəsəbəsinin sabiq icra nümayəndəsi Bahəddin Sultanov və sabiq polis əməkdaşı Təvəkkül Vəliyevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri üzrə qərar elan edilib.

Qərara görə, onların şikayətləri təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 1 il sınaq müddəti olmaqla şərti cəza alıblar.

Hökmdən təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər, barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Bahəddin Sultanov və Təvəkkül Vəliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham ediliblər.

İttihama görə, hər iki təqsirləndirilən şəxs torpaq alqı-satqısı zamanı vətəndaşdan külli miqdarda pulunu alıblar, daha sonra vədlərinə əməl etməyərək dələduzluq cinayəti törədiblər.

Onun barəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanıb. Bahəddin Sultanov 2004-2005-ci illərdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi üzrə İcra münayəndəsi vəzifəsində işləyib.

Sonradan isə Sumqayıt yolunda 4 hektar torpaq sahəsi götürərək iribuynuzlu mal-qara saxlayıb, həmçinin Qazaxıstan rüspublikasında tikinti işləri ilə məşğul olub.

Qeyd edək ki, Bahəddin Sultanov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin sabiq rəisi Vüsal Ələkbərovun cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb.

Vüsal Ələkbərovun ittihamına görə, o, 2009-cu ilin əvvəllərində Texnikabank ASC-nin Bakı filialından 500 min manat kredit götürmək üçün sənədləri saxtalaşdırmış İntiqam Sultanovu tutmamaq müqabilində atası Bahəddin Sultanovdan 500 min dollar rüşvət istəyib.

Həmin cinayət işi üzrə İnitiqam Sultanovun barəsində 16 iyun 2009-cu ildə həbs qətimkan tədbiri seçilib. Sonra Vüsal Ələkbərov İntiqam Sultanovun həbsdən azad edilməsi üçün Bahəddin Sultanovdan 370 min manat tələb edib, əks təqdirdə rəhbərliyin göstərişi ilə onun özünün də tutacağı ilə hədələyib.

Növbəti gün Vüsal Ələkbərov xidməti otağında Bahəddin Sultanovun qardaşı Mirzə Paşayev və onun dostu Əsgər İbrahimovdan 360 min manat, Yasamal rayonunda isə Bahəddin Sultanovun özündən 10 min manat alıb. Rüşvət alan Vüsal Ələkbərov sonra İntiqam Sultanovun barəsində olan həbs qətimkan tədbirinin ev distaqlığı ilə əvəz edilməsinə nail olub.

2015-ci ildə MTN-də baş verən islahatlardan sonra Bahəddin Sultanov prokurorluğa şikayət edib. Şikayət edəndən sonra o, MTN işində zərərçəkmiş şəxs qismində tanınıb.

Vüsal Əkləkbərov həm ibtidai istintaq, həm də məhkəmə istintaqı dövründə bu epiozd üzrə ittihamı qəbul etməyib. O, bildirib ki, Bahəddin Sultanovu, onun oğlu İntiqamı, qardaşı Mirzə Paşayevi, dostu Əsgər İbrahimovu tanımır.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Vüsal Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə həmçinin polkovnikin rütbəsinin əlindən alınması barədə xüsusi qərardad çıxarıb.

Hökmə əsasən, cinayət işində zərərçəkmişlər Nizami Kazımovun 2 milyon dollar, Hüseyn Səfərovun 2 milyon dollar, Elşən Mədətovun 250 min dollar, Mehrac Qurbanovun 200 min dollar, Namil Rzayevin 500 min dollar, Bahəddin Sultanovun 370 min dollar, Müsənnif Salahovun isə 600 min manat məbləğində mülki iddiaları təmin edilməyib.


Müəllif: Hacı Zeynalov
Загрузка...