17 May 2018 15:38
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meşədə adam öldürməkdə təqsirləndirilən Elnur Məmmədov və xuliqanlıqda təqsirli bilinən Elçin Həsənov barəsində olan birinci instansiya məhkəməsinin hökmündən şikayət üzrə proses başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara əsasən, zərərçəkmişin hüquqi varisi və prokurorun protesti təmin edilib.

Elnur Məmmədovun cəzası 17 ildən 18 ilə, Elçin Həsənovun cəzası isə 4 ildən 16 ilədək artırılıb.

İttihama görə, qətl hadisəsi ötən il dekabrın 23-də Suraxanı rayonunda baş verib. Tovuz rayonunda anadan olmuş, Ramana qəsəbəsində nömrəsiz evdə kirayədə yaşayan 1988-ci il təvəllüdlü Elşad Əmirovun Bülbülə qəsəbəsində, 16 nömrəli Cəzaçəkmə Müəssisəsi yaxınlığında meşəlik deyilən ərazidə meyiti aşkar edilib.

Dekabrın 23-də Bakı şəhər sakini Elşad Əmirovu qətlə yetirməkdə şübhəli bilinən paytaxt sakini Elçin Həsənov tutulub, daha sonra Elnur Məmmədov həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsini hökmü ilə Elnur Məmmədov 17 il azadlıqdan məhrum edilib. Qətldə təqsirləndirilən Elçin Həsənovun əməli isə Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsinə tövsif edilib. Elçin Həsənov 4 il azadlıqdan məhrum olunub.

Elçin Həsənov bu işdə heç bir günahının olmadığını, sadəcə Elnurla mərhum arasında baş verən davanı sakitləşdirməyə çalışdığını deyib.

Digər təqsirləndirilən Elnur Məmmədov da Elçinin günahın olmadığı deyib: “Öləni mən vurmuşam, Elçinin heç bir günahı yoxdur. O, sadəcə bizi aralaşdırıb. Bu yetimin günahı bu olub... Mən 4 bıçaq vurmuşam. Hələ biri də Elçinin əlinə dəyib. İşə düzgün baxılmadı. Mənə 18 yox, 25 il də versələr, xeyri yoxdur. Qolumun birini kəsmişəm. Ayağımı da kəsəcəm. Özümə qəsd edəcəyəm”.


Müəllif: Hacı Zeynalov