18 May 2018 12:04
1 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili işlər orqanlarının keçirdiyi növbəti əməliyyat nəticəsində Xəzər rayonu ərazisində rabitə kabellərini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Teleqraf.com xəbər verir ki, mayın 10-da Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyəti Cəmiyyəti Xəzər Telefon Qovşağına məxsus 250 metr uzunluğunda kebel xəttinin oğurlanması barədə rayon polis idarəsinə məlumat daxil olub.

Oğurluq nəticəsində MMC-yə ümumilikdə 6931 manat maddi ziyan dəydiyi məlum olub.

Xəzər rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Bakı şəhər sakinləri İlham Rzayev və Anar Rəsuloğlu saxlanılıblar. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər oğurladıqları kabelləri mis halında 670 manata əlvan metal qəbulu məntəqələrinə satıblar.

Qeyd edək ki, Anar Rəsuloğlu və İlham Rzayevi rabitə işçiləridir. Bu səbəbdən onlar rabitə kabellərinin keçdiyi ərazi haqqında məlumatlı olublar.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Saxlanılanların digər cinayətlərdə iştirakları da istisna olunmur.

Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” Xidmətinə və ya Xəzər rayon Polis İdarəsinə müraciət edə bilərlər.


Müəllif: Hacı Zeynalov