18 May 12:48

Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş Dəyanət Cəfərov ifadə verib.

O, Arif Alışanovun bacısı oğlu olduğunu deyib.

Bildirib ki, Şamaxı rayonunda torpaq almaq üçün təqsirləndirilən Şücayət Əkbərova müraciət edib. Şücayət Əkbərov onlara torpaqları göstərib, qiymətləri də özü danışıb.

Dəyanət Cəfərov hadisə barədə də danışıb: “Arif müəllim Şücayətin maşınında gəlirdi. Bizim maşını isə Hacı sürürdü. Arxadan bizim maşını Zöhrab avtomobili ilə vurdu. Ona saxla dedim. Bu zaman Zöhrabın maşını aşdı. Yaxınlaşdıq, onu maşına mindirib xəstəxanaya apardıq. Bu, təsadüfi qəzaya oxşamırdı. O, hadisəni qəsdən törədib”.

Dəyanət Cəfərov ifadə verən zaman təqsirləndirilən Şücayət Əkbərov ona müdaxilə edib. Bu zaman hər iki şəxs arasında mübahisə yaranıb.

Hakim Şücayət Əkbərova xəbərdarlıq edib.

Daha sonra Dəyanət Cəfərov qeyd edib bildirib ki, Şamaxının Çuxuryurd kəndində 300 min manata ferma, 600 min manata isə torpaq alıblar: “Sonuncu dəfə Şücayətə torpağın alınması üçün 37 min manat və 19 min dollar pul vermişik. O isə bütün torpaqları öz adına keçirdi”.

Digər zərərçəkmiş Hacı Babayev bildirib ki, Arif Alışanovun sürücüsü işləyib, hadisə zamanı orada olduğunu deyib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.5, 29,120.2.6, 29,120.2.7, 29,120.2.10-cu (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən, tamah məqsədi ilə, başqa cinayəti gizlətməklə, daha çox şəxsi öldürməyə cəhd), 178.3.2-ci (dələduzluq), 228.3-cü (odlu silah saxlama) maddələri ilə ittiham elan edilib.

Şücayət Əkbərov 2013-cü ilin iyul ayından 2017-ci ilin yanvar ayınadək olan dövr ərzində Şamaxı rayonunda və Baki şəhərində Arif Alışanovun külli miqdarda əmlakını ələ keşirmək və ona qarşı sui-qəsd hazirlamaq məqsədi ilə mütəşəkkil dəstə yaradıb.

Mütəşəkkil dəstənin üzvləri Arif Alışanova qarşı sui-qəsd hazırlayıblar. Lakin niyyətlərini başa çatdıra bilməyiblər.

Şücayət Məmmədov Arif Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını ələ keçirməkdə ittiham edilir.


Müəllif: Hacı Zeynalov
Загрузка...