18 May 2018 14:04
1 992
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən "İrəvan Press” qəzetinin baş redaktoru Azər Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, Azər Abbasov öz saytında və qəzetində barəsində rüsvayedici məlumlar yaymaqla hədələyərək müxtəlif vəzifəli şəxslərdən pul alıb.

Azər Abbasov Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyatı nəticəsində ötən ilin iyununda həbs olunub. Cinayət işi üzrə 25 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Prokurorun çıxışından sonra sərbəst ifadə verən Azər Abbasov özünü qismən təqsirli bilib. O deyib ki, hədə-qorxu yolu ilə pul tələb etməkdə səhvə yol verib.

Daha sonra zərərçəkmiş qismində tanınan Gəncə şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov ifadə verib. O, bildirib ki, Azər Abbasov zəng edib və onu şantaj edib: “Dedi ki, katibəmlə mənim haqqımda elə şeylər yazacaq ki, bütün Gəncədə biabır olacam. Mən də əməkdaşımıza 300 manat verdim ki, Azər müəllimin adına göndərsin”.

Daha sonra ifadə verən digər zərərçəkmiş Rəsmiyyə Quliyeva bildirib ki, Sabunçu rayonunda yerləşən 210 saylı orta məktəbin direktorudur. Onun sözlərinə görə, Azər Abbasov ona zəng edib və müəllimlərdən pul yığdığı deyib: “Azər Abbasov belə ifadələr işlətməklə məni hədələdi, məndən pul tələb etdi. Konvertin içinə 200 manat qoydum və ona göndərdim”.

Zərərçəkmiş Əli Məmmədov bildirib ki, Beyləqan rayon Mərkəzi Xəstəxanasının baş həkimi işləyir. Onun sözlərinə görə, “İrəvan Press” qəzetində xəstəxana haqqında bir neçə məqalə yazılıb. Məqalədə dövlət hesabına verilən dərmanların mənimsənildiyi qeyd olunub: “Sonra zəng edib davamını yazmamaq üçün pul istədilər. Məndə poçtla 200 manat göndərdim”.

Növbəti ifadə verən zərərçəkmiş Soltan Camalov deyib ki, Qax rayonu Suvarma Sistemləri İdarəsinin rəisi işləyir, qəzetdə onu “Yezid” kimi təqdim edən məqalə dərc olunub.

Soltan Camalovun ifadəsinə görə, sonradan Azər Abbasov ona zəng edib, pul tələb edib: “Mən də poçt vasitəsi ilə ona 200 manat göndərdim”.

Azər Abbasov Cinayət Məcəlləsinin 182-ci (hədə qorxu ilə pul tələb etmə) maddəsi ilə ittiham edilir.


Müəllif: Hacı Zeynalov