22 May 2018 11:55
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycana qanunsuz dərmanlar gətirməkdə təqsirləndirilən İran vətəndaşları - Ghahremani Hafez və Jahani Hiveh Chi Hamidin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə prokuror vəsatət qaldıraraq, Jahani Hiveh Chi Hamidin məhkəmə zalında həbs edilməsini istəyib.

Məhkəmə vəsatəti təmin edib. Məhkəmə baxışı iyunun 1-nə təyin edilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi külli miqdarda törədildikdə) və 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə ittiham edilib.

İttihama görə, Jahani Hiveh Chi Hamidin yaşadığı ünvana keçirilmiş baxış zamanı üzərində “Canotix 50 units” sözləri yazılmış və satış qiyməti 80 manat təşkil edən 52 ədəd dərman preparatı, “Canotix 100 units” sözləri yazılmış və qiyməti 110 manat təşkil edən 66 ədəd dərman vasitəsi və üzərində hər hansı etiket olmayan 196 ədəd olmaqla, ümumilikdə 314 ədəd şüşə konteynerdə qablaşdırılmış dərman vasitəsi, habelə həmin qablaşdırmaların üzərinə yerləşdirmək üçün üçün istifadə olunan yapışqan etiketlər aşkar edilərək götürülüb.

Müəyyən edilib ki, hər iki şəxs qeyd edilən dərman vasitələrini gömrük orqanlarına bəyan etmədən ölkə ərazisinə gətiriblər.

Bundan başqa, Jahani Hiveh Chi Hamid kuryer xidmətlərindən istifadə etdiyi qohumu - Bakı şəhər sakini Qədirov İlqar Variş oğlunun 99-KP-072 dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtomobilinə baxış keçirilərkən üzərində “Canotix 50 units” sözləri yazılmış 8 ədəd və “Canotix 100 units” sözləri yazılmış 7 ədəd dərman preparatı aşkar edilərək götürülüb.

İran İslam Respublikasının vətəndaşı Ghahremani Hafez Habib dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına, Azərbaycan Respublikası ərazisində istehsalına, satışına və istifadəsinə yalnız Səhiyyə Nazirliyi və ya onun səlahiyyət verdiyi qurum tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra yol verildiyi halda, qanunun həmin tələbini pozaraq, Tehran-Bakı-Tehran marşrutu üzrə idarə etdiyi “Scania” markalı 86b666-10 qeydiyyat nişanlı sərnişin avtobusu ilə 21 fevral 2018-ci il tarixdə saat 11 radələrində İran İslam Respublikasından Azərbaycan Respublikasına Astara Gömrük keçid məntəqəsindən külli miqdarda malları - 100 ədəd “Canotix 50 units” dərman preparatını sellofan torbaya bükərək avtobusun salonunda gizlədib gömrük nəzarətindən gizli keçirib.

Qeyd edək ki, İran vətəndaşı olan Ghahremani Hafez uzun illərdir Azərbaycanda yaşayır və məhşur xəstəxanada cərrah-həkim kimi çalışıb.

Jahani Hiveh Chi Hamid və Ghahremani Hafez Habib barəsində həbs növündə qətimkan tədbirləri seçilib.


Müəllif: Hacı Zeynalov