22 May 2018 12:11
1 076
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda külli miqdarda dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Faiq Qasımov ifadə verib.

O bildirib ki, iş üzrə zərərçəkmiş şəxslərdən biri Tovuz rayon icra hakimiyyətinin başçısının oğlu Qoşqar Zeynalova 500 min ABŞ dolları məbləğində pul verib. O, pulu iş qurmaq adı ilə verdiyini deyib.

Ramil Abdullazadə 200 min dollar verib: “Qoşqar Zeynalov həmin vaxt dövlət işində işləyirdi. Mən iş qurmaq adı ilə ona pul verdim”.

Təqsirləndirilən Rahib Hüseynov bildirib ki, Qoşqar Zeynalova verilən pullar ona yox, Arif Əsgərovun oğlu Elnar Əsgərova verilib: “Mən Faiq Qasımov adında adam tanımıram. Ramin Abdullazadəni isə heç vaxt görməmişəm. Bunlar hamısı mənə qarşı təxribatdır”.

Daha sonra Rahib Hüseynov məhkəməyə maddi sübut kimi məhkəməyə 6 ədəd qeydiyyat kitabçası təqdim edib.

Növbəti proses mayın 23-də davam edəcək.

İttihama görə, Rahib Hüseynov külli miqdarda əmlakı ələ keçirib. O, zərərçəkmiş Tovuz rayon icra hakimiyyətinin başçısının oğlu Qoşqar Zeynalovun 4 milyon 300 min manat pulunu alıb və Azərbaycan Dəmiryolları QSC-yə yataq dəstləri gətirmək adı ilə aldadıb. Bundan başqa, Rahib Hüseynov vətəndaş Namiq Mehdiyevə də qarşı dələduzluq edib.

Rahib Hüseynov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur. Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Elan olunmuş ittiham üzrə Rahib Hüseynov özünü təqsirli bilmədiyini deyib.

Rahib Hüseynovun digər qardaşı Emil Hüseynov da dələduzluqda ittiham edilib. Onun barəsində cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baxılıb. Məhkəmənin hökmü ilə Emil Hüseynov 9 il cəza alıb. O, məhkəmə zalında həbs edilib

Emil Hüseynov Tural Hüseynovun etibarından sui-istifadə edərək, ondan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar və Mərziyyə Rzayevadan isə 19 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanılıb.

Cinayət materiallarına əsasən, Emil Hüseynov Gürcüstan Respublikasından izolyasiya və digər materiallar gətirmək adı ilə həmin vətəndaşları aldadıb.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, Emil Hüseynov və Rahib Hüseynov sabiq nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı oğludur.

Qeyd edək ki, cinayətdə adı hallanan Elnar Əsgərov Arif Əsgərovun oğludur.


Müəllif: Hacı Zeynalov