22 May 2018 12:30
1 935
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda külli miqdarda dələduzluqda təqsirli bilinən Naxçıvan sakini, 1961-ci il təvəllüdlü Ələddin Yusifovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edilib.

İttihama münasibət bildirən Ələddin Yusifov özünü təqsirli bilməyib. O, ifadəsində alman vətəndaşından alınan pulların bir hissəsinin iş üçün Qazaxıstana göndərildiyini deyib.

Növbəti proses mayın 29-da davam edəcək.

İttihama görə, Ələddin Yusifov 2005-ci ildə “QKSSS” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) təsis edib. O, həmin MMC vasitəsi ilə neft məhsullarının idxalı, ixracı və digər işlərlə məşğul olub.

Ələddin Yusifov həmin MMC-nin direktoru vəzifəsində işləyərkən Almaniya Federativ Respublikasında qeydiyyatdan keçmiş “Airwerk” şirkətinin baş direktoru, həmin respublikanın vətəndaşı Stichternath Heins-Georg Tomasa 2010-cu ildə özünü uğurlu və geniş əlaqələrə malik iş adamı kimi təqdim edib.

O, almaniyalı iş adamına neft məhsullarının alqı-satqısı ilə məşğul olduğunu, bu yolla külli miqdarda gəlir əldə etdiyini bildirib, ona biznesə daha çox investisiya qoyulduğu halda daha çox gəlir əldə edəcəklərinə inandırıb.

Ələddin Yusifov qeyd olunan işləri görmək üçün almaniyalı iş adamından 6 milyon 540 min manat istəyib, həmin pulun 20 faiz miqdarında gəlir əldə edəcəklərinə yalandan vəd verib.

Stichternath Heins-Georg Tomas Almaniya Federativ Respublikasında fəaliyyət göstərən müxtəlif banklar vasitəsi ilə “Texnikabank”da “QKSSS” MMC-nin hesabına 6 milyon 540 min manat (o vaxtı məzənnə ilə 6 milyon avro – red.) köçürüb.

Ələddin Yusifov həmin pulu şəxsi ehtiyaclarına sərf edərək, almaniyalı iş adamına qarşı külli miqdarda dələduzluq edib.

İstintaq orqanı tərəfindən Ələddin Yusifovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilib.

Ələddin Yusifovun barəsində olan cinayət işinin ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.


Müəllif: Hacı Zeynalov