23 May 2018 12:49
1 121
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəsimi rayonunda banklardan birinin filialının giriş qapısını sındıraraq oğurluq etmək istəyən şəxs mühafizə polisləri tərəfindən tutulub.

Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyin Baş Mühafizə İdarəsinin qüvvə və texniki vasitələri ilə qorunan obyektlərin, eləcə də xüsusi mülkiyyətlərin təhlükəsizliyi etibarlı şəkildə təmin olunur.

Bunun sübutu kimi bir neçə gün əvvəl Nəsimi rayonu A.Məhərrəmov küçəsində yerləşən banklardan birinin filialından oğurluğa cəhdin qarşısının mühafizə polisi tərəfindən alınmasını nümunə göstərmək olar.

Belə ki, gecə saatlarında Nəsimi Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən xüsusi vasitələrlə qorunan bankın filialından Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. İdarənin əməkdaşları dərhal operativ reaksiya göstərərək hadisə yerinə çıxıb və bankın giriş qapısını sındırmaq yolu ilə oğurluğa cəhd göstərən şəxs hadisə yerində saxlanılaraq aidiyyəti üzrə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə təhvil verilib.

Şöbədə şəxsiyyəti müəyyənləşdirilən zaman onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əhməd Zeynalov olduğu müəyyən edilib. Onun əlindəki idman çantasına baxış keçirilərkən müxtəlif ölçüdə olan küt alətlər aşkar olunaraq maddi sübut kimi götürülüb.

Qeyd edək ki, saxlanılan şəxsin banka hücumu və qapını sındıraraq oğurluq etmək məqsədi ilə içəri daxil olmaq cəhdi obyektin təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb. Göstərilən faktla bağlı başlanan araşdırmalar və müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov