20 Avqust 2014 15:23
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan İrmak Əliyev və Fizzə Ələsgərovanın məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, onlar Milli Təhlükəsizlik Nazirliyinin 2012-ci il iyunun 22-də keçirdiyi əməliyyat tədbirləri zamanı həbs olunublar. Müəyyən edilib ki, İrmak Əliyev, Fizzə Ələsgərova və hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının Fuad adlı vətəndaşı qabaqcadan əlbir olaraq satış məqsədilə əldə etdikləri külli miqdarda narkotik vasitəni qaçaq yolla İrandan Azərbaycana gətiriblər.

İrmak Əliyev və Fizzə Ələsgərova Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə ittiham ediliblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İrmak Əliyev 9 il 6 ay, Fizzə Ələsgərova 6 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar cəzalarının yüngülləşdirilməsini istəyiblər.

Hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara görə, İrmak Əliyevin apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası 3 il 6 aya endirilib. Fizzə Ələsgərovanın apelyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif: