22 Avqust 2014 11:58
958
12 Punto 14 Punto 16 Punto 18 Punto

Toğrul Babayev zəhərlənməsi ilə bağlı məhkəməyə teleqram göndərib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində odlu silahla cinayət törətməkdə təqsirli bilinən Gülağa Lətifovun məhkəməsi keçirilib.

Teleqraf.com-un xəbərinə görə, əvvəllər məhkumluq həyatı yaşamış Gülağa Lətifov bu ilin fevralın 23-də saat 20.00-da Sabunçu qəsəbəsindəki 68 saylı orta məktəbin yaxınlığında ağır cinayət törədib. Gülağa Lətifov münaqişə zəminində qonşuluqda yaşayan Fərid Qədirova, Akif Nəzərova, Yusif Paşayevə və Asif Nəzərova odlu silahdan atəş açaraq hadisə yerindən qaçıb. Fərid Qədirov aldığı xəsarətdən ölüb, digərləri xəstəxanaya yerləşdiriliblər.

Istintaq araşdırması zamanı Gülağa Lətifov müvafiq dövlət orqanlarının icazəsi olmadan və yerli icra nümayəndəliyi tərəfindən edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq həmin məktəblə üzbəüz yerləşən açıq idman meydançasında tikinti işləri aparmağa başlayıb. Onun bu hərəkətləri növbəti dəfə ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub. Yaranmış münaqişədə Gülağa Lətifov şəxsi avtomobilində gəzdirdiyi odlu silahdan qəsəbə sakinlərinə bir neçə dəfə atəş açıb.

Hadisə yerinə gələn polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən oradan 1 ədəd qoşalülə ov tüfəngi və 4 ədəd giliz, habelə Gülağa Lətifovun evinə baxış zamanı 19 ədəd patron aşkar edilib. Hadisə zamanı güllə yarası alan Akif Nəzirov Suraxanı rayon Polis İdarəsinin rəis müavinidir. Digər yaralı Akif Nəzərovun oğlu Asif Nəzərov isə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşıdır.

Gülağa Lətifov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham olunur. Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə Gülağa Lətifovun vəkili Toğrul Babayev iştirak etməyib. Məhkəmə katibi bildirib ki, Toğrul Babayev zəhərlənib və hazırda yataq şəraitində müalicə alır. Katibin sözlərinə görə, Toğrul Babayev məhkəmə baxışının başqa vaxta keçirilməsini istəyib.

Daha sonra məlum olub ki, zərərçəkmişlər Akif Nəzərov və onun oğlu Asif Nəzərov məhkəmə iclasında iştirak etmirlər. Akif Nəzərov məhkəməyə göndərdiyi teleqramda qeyd edib ki, səhhəti ilə bağlı məhkəmə iclaslarında iştirak edə bilməyəcək. Akif Nəzərov prosesin onun iştirakı olmadan keçirilməsini istəyib. Asif Nəzərov isə məhkəmənin telefon zənglərinə cavab verməyib. Buna görə də onun hansı səbəbdən məhkəmə iclasında iştirak etmədiyi məlum deyil.

Hakim deyib ki, bütün zərərçəkmişlərin məhkəmədə iştirakı təmin olunacaq: “Zərərçəkmişlər polis işçiləridir. Onların məhkəməyə gətirilməsini polis yolu ilə təmin edə bilərək. Bunun üçün növbəti proseslərd tədbir görülücək. Vəkilin məhkəməyə zəhərlənməsi ilə bağlı rəsmi məlumat daxil olmayıb. Amma növbəti dəfə də belə hal olsa onun barəsində Vəkillər Kollegiyasına şikayət olunacaq”.

Fərid Qədirovun anası bildirib ki, hər dəfə məhkəmə təxirə salınır: “Mən hərə dəfə məhkəmə gəlirəm. Oğlumun qatilini hər dəfə görümək məcburiyyətindəyəm. Bunun üçün tədbir görün və məhkəmənin gedişini təmin edin. Bizdə oğlumuzun qatili ilə hər dəfə üzləşmək məcburiyyətində qalmayaq. Bununla neçənci dəfədir məhkəmə təxirə salınır”.

Hakim zərərçəkmişin diqqətinə çatdırıb ki, qanunu əsaslarla hər dəfə məhkəmə təxirə salınıb. Hakimin sözlərinə görə, vəkilin iştirakı olmadan prosesi davam etdirmək mümkün deyil. Buna görə də məhkəmə iclası təxirə salınmalıdır. Məhkəmə sentyabrın 1-də davam edəcək.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Toğrul Babayev qarpızdan zəhərlənib.

Hacı Zeynalov


Müəllif: