22 Avqust 2014 12:38
1 109
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunun Aşağı Quşçu kəndində ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, kənd sakini Namiq Abbasovun idarə etdiyi “VAZ-2106” və Qovlar şəhər sakini Cəfər Əlizadənin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. N.Abbasov hadisə yerində ölüb.
Daha bir yol qəzası Şəki şəhərində qeydə alınıb. M.F.Axundov prospektində şəhər sakini Zahid Fəttahov idarə etdiyi “Opel” markalı avtomobili yol ayırıcısına vurub. Xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.

Şamaxı rayonunun Muğanlı qəsəbəsində Bakı şəhər sakini Əmiraslan Babayev idarə etdiyi “Opel” markalı avtomobili aşırıb. Sürücü hadisə yerində ölüb, sərnişinləri - Dədəgünəş kənd sakinləri Gültəkin Tağıyeva və Zanbaq Tağıyeva xəstəxanaya yerləşdirilib, Z.Tağıyeva orada ölüb.

Abşeron rayonunun Sulutəpə qəsəbəsində Ağdam rayon sakini Rasim Quliyev idarə etdiyi “VAZ-2109” markalı avtomobili yol ayırıcısına vurub. Xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.

Ölümlə nəticələn daha bir yol qəzası Yevlax rayonunun Nemətabad kəndində baş verib. Bakı şəhər sakini Azad Mahmudov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb. Onun sərnişinlərindən - Ucar rayon sakini Mahmud Atayev və Göyçay rayon sakini Zərifə Əlirzayeva hadisə yerində ölüb, digər 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Hacı Zeynalov


Müəllif: