30 Aprel 2014 11:39
1 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda avtomobillərdən oğurluq edən şəxslər həbs edilib. Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Nərimanov rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 18-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli şəxs qismində saxlanılan Bakı şəhər sakinləri Qurban Quliyevdən 1,220, İlkin Cahangirovdan isə 1,176 qram tiryək aşkar olunaraq götürülüb.

Araşdırma zamanı onların oğurluq cinayətləri üzə çıxıb. Onlar ötən il sentyabrın 28-də Ə.Əlizadə küçəsində Fəridə Rəcəbova məxsus “Chevrolet” markalı avtomaşından, içərisində 430 manat, qızıl-zinət əşyaları, səxsiyyət vəsiqəsi və kosmetik əşya olan əl çantasını oğurlayıblar.

Bundan başqa bu il yanvarın 16-da F.X.Xoyski prospektində Hikmət Abbasova məxsus “Mercedes”, yanvarın 28-də Ə.Ağaoğlu küçəsində Abbas Əhmədova məxsus “VAZ-2107”, fevralın 11-də H.Əliyev küçəsində Kəmalə Qurbanovaya məxsus “Nissan”, fevralın 21-nə keçən gecə Azadlıq prospektində Heydər Cəfərova məxsus “Lexus”, martın 1-də Ə.Ağaoğlu küçəsində Nərgiz Əliyevaya, martın 9-da Təbriz küçəsində Ellana Cəfərovaya məxsus “Hyundai” markalı avtomobillərdən pul, sənədlər və digər əşyalar qarət ediblər.

Yaxalanan şəxslərin aprel ayında da analoji cinayət hadisələri törətdikləri məlum olub. Onlar aprelin 8-də A.M.Cümə küçəsindən Züleyxa Babayevaya məxsus “Toyota”, bir gün sonra Dəmirçizadə küçəsində Arzu Ağayevaya məxsus “Toyota-Corolla”, aprelin 13-nə keçən gecə Ə.Ağaoğlu küçəsində Rövşən Həmidova məxsus “Land-Cruiser”, İntiqam Muradova məxsus “Mercedes”, aprelin 15-də Təbriz küçəsində Göyərçin Hüseynovaya məxsus “Kia” və aprelin 19-da Xətai prospektində Elşad Qasımova məxsus “Mercedes” avtomobillərdən də oğurluq ediblər.

Hacı Zeynalov


Müəllif: Hacı Zeynalov