1 May 2014 15:25
674

Sumqayıt şəhər sakininin “Elite Travel” MMC-nin vəzifəli şəslərinin qanunsuz hərəkətlərə yol verməsi barədə müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Prokurorluğun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, aparılmış araşdırmalarla cəmiyyətin təsisçisi Xalıq Sadıxovun vəzifə səlahiyyətlərindən sui-istifadə edib 2012-ci ildə cəmiyyətlə “Azər-Türk Bank” ASC arasında bağlanmış kredit müqaviləsi əsasında bankdan götürdüyü 410 min manat məbləğində pul vəsaitinin 135 min manatını şifahi razılığa əsasən kredit şəklində Sumqayıt və Bakı şəhər sakinlərinə verib.

Qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq tələb olunduğu halda belə razılıq almadan təsisçisi olduğu müəssisənin bank kimi qanunsuz fəaliyyət göstərməsində, eyni zamanda həmin şəxslərə verilən vəsaitlərdən cəmiyyətə ödənilmiş pulun 88 min manatını dələduzluq yolu ilə ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 192.2.1 (qanunsuz sahibkarlıq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə “Elite Travel” MMC-nin vəzifəli şəxsləri tərəfindən törədilməsi ehtimal olunan digər cinayətlərin aşkar edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilməklə qeyd edilən şəxslərin qanunazidd əməllərinə məruz qalmış vətəndaşlardan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə müraciət etmələri xahiş olunur.

Ayxan


Müəllif: