2 May 2014 17:38
977
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Xəzər Dəniz Gəmiçiliyinə məxsus “İslam Səfərli” yük gəmisinin kapitanı Həşim Həsənovun, gəmi kapitanının köməkçiləri - Səyyad İbadullayev və Ayməddin Əmiraslanovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 3 il müddətinə azadlıqdan məhrum olunublar. İttihama görə, “İslam Səfərli” yük gəmisinin kapitanı Həşim Həsənovun, gəmi kapitanının köməkçisi Səyyad İbadullayevin və gəmi heyətinin digər üzvü Ayməddin Əmiraslanovun 7 aprel 2013-cü ildə Rusiya Federasiyasının bayrağı altında üzən “Kuban” gəmisinin kapitanı ilə aralarında şifahi razılaşmaı olub.

Onlar həmin razılaşmaya əsasən, 3.800 ABŞ dollarına 40 ton xam neft və 18 ton mazutu "Kuban” gəmisinə yükləyiblər. Onlar həmçinin gəminin saxlanc yerindəki 6 ton dizel yanacağını 1.800 ABŞ dollarına satıblar.

Təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 206.3.2 (qaçaqmalçılıq) və 206.3.3-cü maddələri ilə ittiham elan edilib.

Hacı Zeynalov


Müəllif: