2 May 2014 19:18
546

Bakıda bu ilin birinci rübündə axtarışda olan 1133 nəfər tutulub.

Teleqraf.com-un xəbərinə görə, bunun Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin rəis müavini, polis polkovniki Cəfər Fərzəlizadə deyib.

Onun sözlərinə görə, son bir il üç ayda ümumi cinayətlərin strukturunda mülkiyyət əleyhinə olanların xüsusi çəkisi orta hesabla 43 faiz, bağlı qalmışların strukturunda isə 73 faiz təşkil edib. Ərazi polis orqanları ilə birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə müvafiq cinayətləri törətmiş 1342 nəfərdən ibarət 939, o cümlədən şəxsi əmlak oğurluqları törətmiş 972 nəfərdən ibarət 358 qrup zərərsizləşdirilmiş, axtarışda olan 1020 nəfər tutulub.

Əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində, eləcə də "102" və "Təhlükəsiz şəhər" xidmətlərinin iştirakı ilə 150 oğurluq və 59 ona cəhd, 21 nəqliyyat vasitəsinin qaçırılması, 2 dələduzluq və s. cinayətlər "isti izlərlə" açılıb.

O da qeyd olunub ki, ümumən, mülkiyyət əleyhinə olan 7482, o cümlədən 3726 şəxsi əmlak, 882 mənzillərdən edilən, 417 mal-qara oğurluğunun, 125 cibgirlik faktının, keçmiş illərdən bağlı qalmış 251 müvafiq cinayətin açılması təmin olunub, bu əməllərə görə 3365 nəfər, habelə axtarışda olan 1133 təqsirləndirilən şəxs tutulub.

Hacı Zeynalov


Müəllif: