7 May 2014 13:45
929
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali məhkəmədə “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində həbs olunan “Azad Xəbər” internet qəzetinin baş redaktoru Nicat Əliyev, Elvin Nəzərov, Ceyhun Səfərli, Qorxmaz Camalov, Samir Hüseynov, Emin Tofiqi, Temirxan Hüseynov, Əli Əliyev, Səfər Məmmədov, Valeh Abdullayevin kasasiya şikayətinə baxılıb.

Hakim Fərhad Kərimovun sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxslərin Bakı Apelyasiya Məhkəməsinin ilkin baxış iclasının qərarından verdikləri kasasiya şikayəti üzrə qərar elan edilib.

Qərara görə, kasasiya şikayəti təmin edilməyib və cinayət işinə yenidən baxılması üçün apelyasiya instansiyasına göndərilib. Vəkillər kasasiya şikayətində apelyasiya şikayətlərinə məhkəmə istintaqı ilə baxılmasını istəyiblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nicat Əliyev 10 il, Elvin Nəzərov 9 il, Ceyhun Səfərli 9 il, Qorxmaz Camalov 7 il, Samir Hüseynov 7 il, Emin Tofiqi 7 il, Temirxan Hüseynov 7 il, Əli Əliyev 4 il, Səfər Məmmədov 3 il 4 ay, Valeh Abdullayev 8 il müddətinə azadlıqdan məhrum ediliblər. Əli Əliyev, Səfər Məmmədov və Valeh Abdullayev zamində olduqlarına görə məhkəmə zalından həbs ediliblər.

İttihama görə, təqsirləndirilən şəxslər ötən ilin aprel-may aylarında Bakıda və Sumqayıtda “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsinə etiraz olaraq dini ədəbiyyatları əldə edərək təhrif olunmuş formada ictimai yerlərdə yaymağa başlayıblar. Onlar həmin il mayın 18-də Bakı şəhərində yerləşən “Dadaş” məscidində “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsinə etirazla bağlı plan da hazırlayıblar.

Bundan başqa, ittiham aktında qeyd olunur ki, onlar dövlətin Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn çağırışlar da ediblər.

Təqsirləndirilənlərin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmələri də müəyyən edilib.

Hacı Zeynalov


Müəllif: