7 May 2014 16:04
939

Şirvan Apelyasiya Məhkəməsində Azərbaycanda oğurluq etməkdə təqsirləndirilən Türkiyə vətəndaşlarının apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, oğurluq etməkdə ittiham olunan Türkiyə vətəndaşları Kenan Əzəl, Caner Korkmaz və Çengiz Korkmazdır. Onlar Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsi, Göyçay və Ucar rayon polis şöbələrinin əməkdaşları tərəfindən saxlanılıblar.

Aparılan əməliyyat tədbirləri nəticəsində onların Akif Rəhimovun evindən 10500 manat, Nizami Mürsəliyevin evindən 1780 manat, 500 manat dəyərində qızıl əşyaları, 1 ədəd videomaqnitofon və peyk antenasının başlığı, Nurməmməd Verdiyevin evindən 260 manat pul və qızıl əşyalarını, Elnur Qafarovun evindən qızıl əşyalarını, Cəlal Rəhimovun evindən 15000 manat və 3400 manat dəyərində qızıl əşyalarını, Adəm İbrahimovun evindən qızıl əşyalarını və Əlipaşa Əliyevin evindən 3 min manat qızıl əşyalarını oğurlamaları da müəyyən edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Çingiz Korkmaz 8 il, Kenan Əzəl 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Caner Korkmazın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq etməklə 5 il 11 ay 28 gün müddətinə şərti cəza verilib, məhkəmə hökmünə görə, o məhkəmə zalından azadlığa buraxılıb.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar şikayətlərində cəzalarının yüngülləşdirilməsini istəyiblər. Hakim İsmayıl Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, təqsirləndirilən Caner Korkmazın şərti cəzası 3 ilə endirilib. Digər təqsirləndirilənlərin şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif: