12 May 2014 17:04
2 592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhər sakini, 1980-ci il təvəllüdlü Anar Gəncəliyev bir qrup vətəndaşı “Socar” şirkətinə mühafizəçi düzəldəcəyi vədi ilə aldadıb. O, 2012-ci il aprelin 7-də Sumqayıt şəhərindəki çayxanaların birində Şirxan Nəsibovdan bu məqsədlə 600 manat alıb. Həmin gün Rəfail Nəsibovdan da eyni vədlə 500 manat götürüb.

Anar Gəncəliyev həmin il mayın 5-də Sumqayıt avtovağzalının yanında Asim Allahyarovla görüşüb. Asimdən “Socar” şirkətinə mühafizəçi işi üçün 240 manat lazım olduğunu bildirib. Asim Anar Gəncəliyevə həmin məbləği verib.

Eyni vədlə Ceyhun Babayevdən 4000 manat, Nurxan Cəfərovdan isə 1400 manat alıb. Həmin il mayın 25-də Sumqayıt şəhər sakini Şahnaz Allahyarovanı xəstəliklə təqaüdə çıxara biləcəyini deyib. Anar bunun üçün Şahnaz Allahyarovadan 800 manat pulunu alıb.

Anar Gəncəliyev avqustun 15-də Sumqayıt şəhər ticarət mərkəzində qızıl-zinət əşyaların satışı ilə məşğul olan Dadaş Dadaşovu da aldadıb. O, qohumunun toy mərasimindən sonra qaytarmaq şərti ilə Dadaşdan ümumi dəyəri 5100 manat dəyərində qızıl-zinət əşyası götürüb. Sonradan Dadaş Dadaşova 300 manat pul qaytarsa da, yerdə qalan pulu mənimsəyib.

Anar Gəncəliyev Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü (dələduzluq) maddələri ilə ittiham edilib və cinayət işi baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Anar Gəncəliyev apelyasiya şikayəti verib. O, şikayətində ailə vəziyyətinin nəzərə alınmasını və cəzasının yüngülləşdirilməsini istəyib.

Sumqayıt Apelyasiya Məhkəməsində hakim Vidadi Cəfərovun sədrliyi ilə keçən prosesdə Anar Gəncəliyev bildirib ki, törətdiyi cinayət əməlindən peşmandır. Deyib ki, birinci instansiya məhkəməsində işə baxılan zaman zərərçəkmiş şəxslərə dəymiş zərərin yarıdan çox hissəsi ödənilsə də, ona sərt cəza təyin edilməyib.

Anar Gəncəliyevin apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası 3 ilə endirilib.

Hacı


Müəllif: