16 Aprel 2014 12:14

Şəmkir rayon sakini, 1988-ci il təvəllüdlü Elbrus Bayramov həmyerlisi, 1954-cü il təvəllüdlü Tamilə İsgəndərovanı xüsusi amansızlıqla öldürüb. Teleqraf.com-un araşdırmasına görə, hadisə Şəmkirin Düyərli kəndində baş verib.

Təsadüfi yanğın, yoxsa düşünülmüş qətl?

Tamilə İsgəndərovaya məxsus evdə yanğın baş verib. Yanğın zamanı ev sahibəsinin tüstüdən boğulmuş meyiti mənzildə aşkar edilib. Lakin az sonra məlum olub ki, mərhum təsadüfi yanğın nəticəsində ölməyib. O, boğularaq qətlə yetirilib.

Daxili İşlər Hazirliyinin Baş Cinayət-Axtarış İdarəsi, Şəmkir rayon Polis Şöbəsi və Şəmkir rayon prokurorluğu əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tamilə İsgəndərovanı qətlə yetirən şəxs müəyyənləşdirilib...

Sərxoş halda tanış qadının evinə gəldi

Elbrus Bayramov sərxoş vəziyyətdə həmkəndlisi, yüngül həyat tərzi keçirən tanışı Tamilə Məmmədova ilə yaxınlıq etmək üçün sonuncunun evinə yollanıb. O, ev sahibəsi ilə intim əlaqəyə girdikdən sonra “xidmət haqqını” ödəməyə pulu olmadığından aradan çıxmaq istəyib. Həmin vaxt hamamda olan qadın arxadan Elbrusa çataraq, onun qolundan yapışıb və pulunu tələb edib. Əks təqdirdə, polisə şikayət edəcəyini bildirib.

Bununla bağlı “qonaq”la ev sahibəsi arasında mübahisə yaranıb. Görüşdüyü qadının onu polislə hədələməsi Elbrus Bayramovu qəzəbləndirib. Odur ki, yumruqla ev sahibəsinin gicgah nahiyəsindən zərbə endirib. Zərbənin təsirindən müvazinətini saxlaya bilməyən qadın arxası üstə yerə sərilib.

Bundan istifadə edən Elbrus Bayramov əlləri ilə ev sahibəsinin boğazından tutaraq, onu boğmağa başlayıb. Lakin qadın müqavimət göstərib. Buna görə də qatil özünə məxsus maykanı onun boğazına dolayaraq möhkəm sıxıb. Ev sahibəsinin öldüyünə əmin olan “qonaq” törətdiyi cinayətin izini itirmək qərarına gəlib. Bu məqsədlə o, digər otaqdan götürdüyü nefti döşəmənin üzərinə tökərək kibritlə od vurub.

Qadını öldürən və onun əmlakına külli miqdarda (10.450,41 manat dəyərində) ziyan vuran Elbrus Bayramov vaxt itirmədən hadisə yerindən qaçıb. Bu əməli ilə Elbrus Bayramov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham edilib və cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

Qadını öldürdü, özünü təqsirli bilmdi

Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Elbrus Bayramov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində sözügedən cinayəti törətmədiyini, ümumiyyətlə, baş vermiş hadisədən xəbərsiz olduğunu göstərib. Elbrus Bayramov ibtidai istintaq zamanı təzyiqlərə məruz qaldığını və bu səbəbdən də etirafedici ifadələr verdiyini qeyd edib.

“Qapını arxadan bağlayıb, bizi evə dəvət etdi”

İbtidai istintaq zamanı dindirilən Elbrus Bayramov ifadəsində Tamilə Məmmədovanın yüngül həyat tərzi keçirdiyini göstərib: “İlk dəfə hadisədən təxminən 2 ay əvvəl tanışlarım Elçin və “Fıstıq” ləqəbli Səlahiyyəddinlə birlikdə Tamilə Məmmədovanın evinə getmişəm. O, bizi həyətdə görüb nə üçün gəldiyimizi soruşdu. Biz də gəlişimizin məqsədini ona açıqladıq. Bundan sonra Tamilə qapını içəridən bağlayıb, bizi evə dəvət etdi. Özümdə olan 10 manat pulu Tamiləyə vermək üçün Səlahiyyəddinə verdim. Səlahiyyəddin də mənim yanımda pulu ev sahibəsinə verdi. Birinci Səlahiyyədin otağa keçərək Tamilə ilə cinsi əlaqədə oldu. Həmin vaxtı Elçinlə mən eyvanda gözləyirdik. Səlahiyyəddindən sonra mən Tamilə ilə yaxınlıq etdim. Yetkinlik yaşına çatmayan Elçin isə bizimlə birlikdə gəlsə də, Tamilə ilə cinsi əlaqəyə girmədi. Bundan sonra Tamilə həyətə düşüb qapıdan küçəyə baxdı, heç kimin olmadığını görüb bizi həyətdən yola saldı. Həmin görüşdən sonra mən dəfələrlə Tamilə Məmmədovanın evinə gedərək onunla yaxınlıq etmişəm”.

“Hər dəfə ona pul vermişəm”

Təqsiriləndirilən şəxsin sözlərinə görə, iyulun 5-də Tamiləyə zəng vurub və onunla danışıb: “Həmin gecə növbəti dəfə onun evinə gedərkən qonşusu Mais məni gördü. Hər dəfə Tamilənin evinə gedərkən, onunla yaxınlıq etdikdən sonra pul vermişəm. İyulun 9-da, saat 21.00-da heyvanları sahədən evə gətirdikdən sonra mağazadan araq və pivə alıb evdə içdim. Tamilə ilə görüşmək üçün onun evinə yollandım. Telefonda konturum olmadığından həmin gecə ona zəng vurmadım. Həyət qapısını döydüm, Tamilə qapını açıb məni evə dəvət etdi”.

“O, başıma oyun açacağı ilə məni hədələdi”

Qatil etiraf edib ki, həmişə olduğu kimi evin sağ tərəfində olan otaqda divanda qadınla cinsi əlaqədə olub: “Lakin pulum olmadığı üçün tez-tələsik paltarlarımı geyinib evdən getmək istədim. Amma Tamilə Məmmədova arxamca gəlib qolumdan tutub və pulunu tələb etdi. Ona görə də aramızda mübahisə yarandı. Mübahisə zamanı o, polisə şikayət edəcəyi və başıma oyun açacağı ilə məni hədələdi. Tamilənin hərəkətlərinə və hədələrinə əsəbləşib, gicgah nahiyəsinə yumruqla zərbə endirdim. O, arxası üstə döşəməyə yıxıldı. Boğazından yapışıb boğmaq istəyərkən əlimi cırmaqladı. Həmin vaxtı tələsdiyimdən əynimə geymədiyim maykanı Tamilənin boğazına dolayıb möhkəm sıxaraq onu boğdum”.

“Evə neft səpib od vurdum”

Elbrus Bayramov cinsi əlaqədə öldüğü qadını öldürəndən sonra evi yandırdığını etiraf edib: “Törətdiyi hadisəni ört-basdır etmək üçün arxa otaqdan 3 litrlik qabda olan nefti götürüb evin döşəməsinə tökdüm və kibritlə alışdırdım. Sonra evin arxasına keçib qonşunun hasarında olan qapı yerinə dirənmiş şiferi yerə yıxıb küçəyə çıxaraq evimizə qaçdım. Həmin hadisəni törətməyim barədə ailə üzvlərimə və digər şəxslərə məlumat vermədim”.

“Anamı düz yola qaytara bilmirdim”

Zərərçəkmiş şəxs qismində dindirilən Kəmalə Məmmədova deyib ki, mərhumun qızıdır. Onun sözlərinə görə, atası 1985-ci ildə vəfat edib: “Atamın ölümündən sonra mən nənəmin evində yaşayırdım. 1998-ci ildə ailə qurduqdan sonra ər evinə köçdüm. Həyatı dərk etdiyim dövrdən anamla aramda uçurum yaranmışdı. Bunun səbəbi isə anamın qeyri-əxlaqi həyat tərzi keçirməsi olub. Ailə qurduğum ilk illər ərzində anamla görüşərkən, hər dəfə ağlayır, onu düzgün yola qaytarmaq istəyirdim. Lakin əfsuslar olsun ki, buna nail ola bilmədim. Son 3-4 il ərzində həm özüm, həm də həyat yoldaşım anamın evinə getmirdik, onunla əlaqə saxlamırdıq”.

“Məlum oldu ki, anam boğularaq öldürülüb”

Mərhumun qızını ifadəsinə görə, hadisə baş verən günü dayısı qızı həyat yoldaşının mobil telefonuna zəng edib: “Dayım qızının zəngindən sonra həyat yoldaşım tələsik geyinib evdən getdi. Sonra qaynanam bizə gələrək, anamın yaşadığı evin yanması barədə məlumat verdi, məni həmin yerə apardı. Orada səs-küyü görüb özümü itirdim, məni yanmış evə yaxın qoymadılar. Səhəri gün anamın meyiti məhkəmə-tibbi ekspertizasından keçirildikdən sonra məlum oldu ki, anam təsadüfi yanğın nəticəsində deyil, boğularaq öldürülüb. Cinayəti törətmiş Elbrus Bayramovu şəxsən tanımıram. Amma onların ailələrinin çoxuşaqlı və bir az anormal olduqlarını eşitmişəm. Bu hadisə baş verəndən sonra qonşularla söhbət edərkən, onlar Elbrusun anamla əlaqəsi olmasını, son vaxtlar anamla görüşmək üçün onun yanına gəlib-getdiyini bildirdilər”.

“ Onun yüngül həyat tərzi keçirdiyini bilirdim”

Şahid qismində dindirilən Səlahiyyəddin Hacıyev ifadəsində göstərib ki, həmkəndlisi Elbrus qonum-qonşunun qapısında yer belləməklə, özünün və qonşuların heyvanlarını otarmaqla məşğul olub: “Həmkəndlim Tamilə Məmmədovanın ölümündən təxminən 2 ay əvvəl, saat 21 radələrində Elçinlə küçənin başında dayanarkən, Elbrus bizim yanımıza gəlib, 10 manat pulu olduğunu dedi və Tamilənin yanına getməyi təklif etdi. Bilirdik ki, Tamilə pozğunluq edir, ayrı-ayrı şəxslərlə görüşür. Ona görə də Elbrusun təklifi ilə üçümüz birlikdə Tamilə müəllimənin evinə getdik...(şahid ifadəsinin bu hissəsində qadınla cinsi əlaqədə olmasını cılpaqlığı ilə danışıb)”.

“Qonşu qadınlardan heç kim onunla münasibət saxlamırdı”

Şahid əlavə edib ki, həmin gündən sonra Tamilənin evinə getməyib. O, Tamilənin ölməsini və evinin yanmasını qonşulardan eşitdiyini deyib. Mərhumun yaxın qonşusu Mais Məmmədov şahid qismində ifadə verərkən 1988-ci ildən Tamilə Məmmədova ilə yaxın qonşu olduqlarını göstərib: “Tamilə yüngül həyat tərzi keçirtdiyinə görə qohum-qonşulardan heç kim onunla yaxın münasibət saxlamırdı, evinə gedib-gəlmirdi. Son vaxtlar qonşu arvadlar Tamilə ilə söhbət edərkən ondan pis hərəkətlərdən əl çəkməsini tələb edirdilər. Lakin Tamilə qonşuların sözlərinə əhəmiyyət vermirdi. Ona görə də daha heç kim ona baş qoşmurdu”.

“Oğlum qatil deyil”


Məhkəmə prosesində ifadə verən Elbrus Bayramovun anası Zeynəb Bayramova oğlunun qatil olmadığını hakimlərin diqqətinə çatdırıb. O, bildirib ki, Tamilə İsgəndərovaya məxsus mənzil yanan zaman Elbrus Bayramov evdə olub.


Məhkəmə dövründə Elbrus Bayramovun barəsində ekspertiza təyin edilib. Elbrus Bayramov barəsində təyin edilmiş məhkəmə ambulator psixiatrik ekspertizasının rəyindən görünür ki, onda psixopatabənzər davranışla müşayət olunan orta debillik dərəcəsində olan kəmağıllıq (ağıl zəfliyi) müşahidə edilib. Amma ağıl zəifliyi yüngül xarakter daşıdığından o, cinayət əməlini törədərkən öz hərəkətlərini idarə etmək iqtidarında olub.

Məhkəmə isə həmin ekspertiza rəyini əsas götürərək, Elbrus Bayramovun barəsində ittiham hökmü çıxarmayıb. Məhkəmə Elbrus Bayramovun anlaqsız olması nəticəsinə gəlib və onun barəsində müalicə təyin olunması barədə qərar qəbul edilib. Hazırda Elbrus Bayramov Ruhi-Əsəb Dispanserində müalicə alır.

Hacı Zeynalov


Müəllif: