4 Fevral 2015 11:33
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq təcridxanasına qanunsuz əşya keçirilməsinin qarşısı alınıb.

Bu barədə Teleqraf.com-a Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində hazırda 3 saylı İstintaq təcridxanasında saxlanılan məhkum Mübariz Çingiz oğlu Bağırovun yanına qısamüddətli görüşə gəlmiş dayısı, Ağdam rayon sakini Bakir Bəylər oğlu Hüseynovun üzərinə və gətirdiyi sovqata baxış keçirilib.

Keçirilən baxış zamanı 2 ədəd “Eti Mek” qurudulmuş çörəyin içərisində xüsusi üsulla sellofana bükülərək gizlədilmiş 2 ədəd qara rəngli “Nokia” markalı mobil telefon aparatı aşkar olunaraq götürülüb.

Mübariz Bağırov Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq), 326.1, 326.2-ci (rəsmi sənədləri, ştampları, möhürləri oğurlama və ya məhv etmə) maddələrinə əsasən 12 il müddətinə azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: