4 Fevral 2015 17:52
1 175
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron polisi oğurluq etməkdə şübhəli bilinən dəstəni yaxalayıb.

Abşeron rayon Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, Mehdiabad qəsəbə sakini Adşirin İbrahimov evindən oğurluq edilməsi barədə polisə şikayət edib.

Zərərçəkən evindən 750 manatlıq qızıl zinət əşyalarının oğurlandığını bildirib. Keçirilən əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 22 yaşlı Yavər Əhmədov və 21 yaşlı Nurlan Allahverdiyev saxlanılıb. Oğurlanan qızıllara gəldikdə isə onlar cinayəti yolu ilə əldə olunan qızılları "Moskva" univermağında 350 manata satıb və pulu aralarında tən yarı bölüblər. Ancaq onlar ifşa olununca bir-birini günahlandırıblar.

İstintaqa ifadə verən Yavər Əhmədov bildirib ki, Nurlan ona borca düşdüyünü deyib: “Nurlan borcunu ödəməkdə köməklik etməyimi istədi və oğurluq etməyi təklif etdi”.

Nurlan Allahverdiyev eyni fikirdə olsa da, fərqli ifadə verib. O, deyib ki, oğurluq etməyi Yavər Əhmədov təklif edib: “Yavərə dedim ki, gedək şəhərdə barda əylənək. Bara getməyə razılaşsaq da, amma o qədər pulumuz olmayıb. Bu səbəbdən də barda pul xərcləmək üçün Yavər oğurluq etməyi təklif etdi”.

Istintaq orqanı təqsirli bilinən şəxslərin başqa cinayətlərdə iştirak etdiyini bildirir. Bununla bağlı hazırda əməliyyat-istintaq hərəkətləri davam etdirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: