5 Fevral 2015 11:58

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı uşağı oğurlamaqda təqsirli bilinən Xırda Babayevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, 2014-cü ilin avqustun 13-də Sumqayıt şəhər sakini Aysel Əhmədova Daxili İşlər Nazirliyinin “102” xidmətinə və Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək həmin gün azyaşlı uşaqları ilə birlikdə şəhərdəki “Nəsimi” adına parkda olarkən 2 aylıq qızı Aylinin tanımadığı qadın tərəfindən oğurlandığını bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Xırda Babayeva sentyabrın 3-də tutulub.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, Xırda Babayevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini xahiş edib.


Zərərçəkmiş Aysel Əhmədova prokurorun istədiyi cəza ilə razılaşmayaraq onun azyaşlı körpəsini oğurlayan Xırda Babyevanın daha ağır cəza verilməsini məhkəmədən xahiş edib. Söz üçün məhkəmə Xırda Babayevanın vəkili Anar Qasımova verilib. Anar Qasımov çıxışa hazır olmadığından məhkəmədən vaxt istəyib.

Məhkəmə prosesi fevralın 11-ə təyin edilib.

Hacı Zeynalov


Müəllif: