6 Fevral 2015 18:37
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhərində sələfilərlə xəvariclər arasında baş vermiş silahlı münaqişə ilə bağlı həbs edilən Elşən Musayevin cinayət işi üzrə məhkəmə başlayıb.


Teleqraf.com xəbər verir ki, hakim Rahib Salmanov sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub.

Məhkəmə baxışı fevralın 20-nə təyin olunub.

Qeyd edək ki, hadisə 2013-cü il, dekabrın 11-də saat 20:30 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Soltan” çay evində baş verib. İki qruplaşma arasında dini baxışlarında olan fikri ayrılığına görə yaranmış mübahisə sonda silahlı insidentlə nəticələnib.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə təqsirli bilinən xəvariclərin əmiri, “Mamed” ləqəbli Elçin Əkbərov, sələfilərin lideri, “Hamza” ləqəbli Elşən Musayev, habelə Əhməd Salmanov, Anar Mirzəyev, Zaur Paşayev, Elmar Məmmədli, Murad Məhərrəmov, Anar Rəhimov, Firudin Musayev, Vüqar Abdullayev, Amil Tağıyev, Elçin Mirzəyev, Cəlal Mikayılov, Kənan Mehrəliyev, Elnur Nəzərəliyev və Vüqar Xəlilov həbs olunublar.

Onlara qarşı Cinayət Məcəlləsinin 221 (xuliqanlıq), 228 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 29, 120.2.4 (qəsdən adam öldürməyə cəhd) və 234-cü (qanunsuz olaraq narkotik vasitələr əldə etmə, daşıma, saxlama, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, 13 nəfərdən ibarət olan Sumqayıt xəvariclərinin cinayət işi üzrə məhkəmə prosesinə isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə baxılır.

Hacı Zeynalov


Müəllif: