9 Fevral 2015 14:37

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dini kitabları qanunsuz yaymaqda və narkotik maddələrinin dövriyyəsində təqsirli bilinən Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Tural Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Tural Ağayev keçən il Daxili İşlər Naziriliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. Axtarış zamanı Tural Ağayevdən 7,078 qram narkotik vasitə hesab olunan heroin aşkar edilərək götürülüb. Eləcə də müvafiq razılıq olmadan qanunsuz olaraq dini təyinatlı ədəbiyyatları, audio və video materilları aşkarlanıb.

Tural Ağayevə Cinayət Məcəlləsinin 101.1-ci (təcavüzkar müharibəni başlamağa açıq çağırışlar), 167-2.2.1-ci (dini ayinləri icra etməyə mane olma), 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilib.

Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Tural Ağayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: