10 Fevral 2015 16:43
1 196
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu Xətai rayonunda baş verən qətllə bağlı birgə açıqlama yayıb.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Prokurorluğundan məlumat verilib.

Məlumata görə, fevralın 6-da saat 02 radələrində paytaxtın Xətai rayonu ərazisində Məmmədov Şahlar Məzahir oğlunun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) və 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddələri ilə cinayət işi başlanıb.

İstintaqla müəyyən edilib ki, həmin tarixdə şəhər sakini Emin Musayev dostları Abdulla İsmayılov, Loğman Rəhimov, Anar Qəhrəmanov və şəxsiyyəti istintaqa hələlik məlum olmayan Emin adlı şəxslə birlikdə rayon ərazisində fəaliyyət göstərən “Arabeska” çay evində olarkən orada olan Şahlar Məmmədov və onunla birlikdə şəxsiyyəti istintaqa hələlik məlum olmayan digər iki nəfər tanışları arasında yaranmış mübahisə zəminində A.Qəhrəmanov Ş.Məmmədovu çay evinin arxasına dəvət etmişdir. Ş.Məmmədovun üstündə gəzdirdiyi bıçaqla A.Qəhrəmanova xəsarət yetirməsində, E.Musayev və A.İsmayılovun isə xuliqanlıq niyyəti ilə üstlərində gəzdirdiyi bıçaqla Ş.Məmmədovun bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirməklə qəsdən öldürmələrində əsaslı şübhələr olduğundan cinayət işi Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2 və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələrinə tövsif edilib.

Bakı şəhər Baş Polis İdarəsi, şəhər prokurorluğu və rayon hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Məmmədovu qəsdən öldürməkdə şübhəli bilinən E.Musayev və A.İsmayılov, həmçinin hadisə vaxtı silah qismində istifadə edilən əşya tətbiq etməklə xuliqanlıq cinayətini törətməkdə şübhəli bilinən Loğman Rəhimov tutulublar. Onlar iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Səbail rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda Bakı şəhər prokurorluğunun İstintaq idarəsində iş üzrə cinayətin törədilməsində digər şəxslərin iştiraklarının olub-olmamasının müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdilir.

Hacı Zeynalov


Müəllif: