13 Fevral 2015 13:25
2 865
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsi Lamiyə Quliyevanın barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Qədim Babayevin sədrliyi ilə Lamiyə Quliyevanın işi üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.

Məhkəmədə Lamiyə Quliyeva cinayət törədəndə azyaşlı olduğunu və əməlindən peşmançılıq keçirdiyini bildirib: "12 il həbsdə olduğu müddətdə ana olmağa məcbur oldum. Prezidentə və baş prokurora müraciət edirəm. Mənim azadlığa çıxmağıma şərait yaradılsın, övladımı azadlıqda tərbiyə edim".

Lamiyənin vəkili Fəxrəddin Mehdiyev çıxış edərək onun barəsində həbs qəti-imkan tədbirinin dəyişdirilməsi ilə bağlı bağlı vəsadət verib. Vəsadət təmin olunmayıb.

Məhkəmə baxışı fevralın 20-nə təyin olunub.

Qeyd edək ki, Baş Prokurorluq 4 saylı cəzaçəkmə müəssisində saxlanan məhkum Lamiyə Quliyeva ilə bağlı Xətai Rayon Məhkəməsinə protest verib. Protestə əsasən Lamiyə Quliyevaya onun məhkum olunmasına dair hökmdən şikayət etmək hüququnun tanınması istənilib. Xətai Rayon Məhkəməsi protesti təmin edib. Lamiyə Quliyeva onun 5 il 6 ay azadlıqdan məhrum edilməsinə dair hökmdən şikayət vermək hüququ qazanıb.

Lamiyə Quliyeva 2003-cü ildə Aslan Aslanovun oğlunun qətlə yetirilməsinə görə 10 il müddətinə azadlıqdan məhrum edilib. Həmin müddət 2013-cü ildə bitib. Lakin 2012-ci ildə L.Quliyevaya yenidən ittiham elan olunub və Xətai Rayon Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməklə ümumilikdə 15 il 6 ay müddətinə cəzaya məhkum olunub.

Lamiyə Quliyevaya ümumilikdə 3 dəfə ittiham irəli sürülüb. Quliyeva 2003-cü ildə Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilərək 10 il azadlqıdan məhrum edilib.

2012-ci ildə Cinayət Məcəlləsinin 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə ittiham olunaraq 5 il 6 ay əvvəlki hökmlə təyin olunmuş cəzanın üstünə gəlinib. Bundan 1 il sonra, 2013-cü ildə o Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittihama olunub.

İşə Xətai Rayon Məhkəməsinin hakimi İbrahim İbrahimov üçüncü ittiham üzrə bəraətverici əsaslarla hökm çıxarıb. Lakin prokurorluq protest verib, Bakı Apelyasiya Məhkəməsinin hakimi Sahibxan Mirzəyev həmin hökmü ləğv edib.

Beləliklə, Lamiyə Quliyevanın cəzası 6 il 6 ay artırılıb. Ali Məhkəmənin hakimi Hafiz Nəsibov Bakı Apelyasiya Məhkəməsinin qərarını ləğv edib birinci məhkəmə instansiyasının qərarını qüvvədə saxlayıb.

Hacı Zeynalov


Müəllif: