13 Fevral 2015 16:03
1 083
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsi Lamiyə Quliyevanın barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesə çoxlu sayda Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri, vəkillər, ictimayyət nümayəndələri gəlib.

Lamiyə Quliyeva müşahidə altında azyaşlı uşağı ilə birlikdə məhkəmə zalına gətirilib. Proses başlanan kimi Lamiyə Quliyevanın anket məlumatları dəqiqləşdirilib. Hakim bildirib ki, Lamiyə Quliyevanın barəsində Cinayət Məcəlləsinin 317.2.-ci maddəsi ilə məhkum edilməsi ilə bağlı çıxarılan hökmdən Baş Prokurorunun müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Namiq Əsgərov apelyasiya protesti verib.

Daha sonra cinayət işi üzrə zərərçəkmiş, 4 saylı cəza çəkmə müəssisəsinin nəzarətçisi Aysel Ağayevanın vəkili Sücəddin Hacıbalayev bildirib ki, prokurorluğun verdiyi vəsatətlə tanış olmayıblar. Onun sözlərinə görə, protestdə nə yazılmasından da xəbərləri olmayıb: “Prokurorluğun protestinin sürəti bizə verilməyib. Bu səbbədən də şikayətlə tanış deyilik. Bizə şikayətlə tanış olmağa şərait yaradılmasını xahiş edirəm”.

Aysel Ağayeva da vəkilinin fikirləri ilə razı olduğunu qeyd edib. Hakim bildirib ki, protestlə tanış olmaq üçün tərəflərə bütün tərəflərə şərait yaradılıb. Onun sözlərinə görə, prokurorluğun protesti poçt vasitəsilə tərəflərə göndərilib: “Zərərçəkmiş tərəf iddia edirsə onlar protestlə tanış deyil. Onlara protestlə tanış olmaları üçün şərait yaradılacaq”.

Bundan sonra Lamiyə Quliyevanın vəkili Fəxrəddin Mehdiyev vəsatətlə çıxış edib. O, bildirib ki, Lamiyə Quliyevanın məsələsi ictimailəşib: “Məhkəmə zalında çoxlu sayda KİV nümayəndələri, vəkillər və digər tanınmış şəxslər iştirak edir. Bu səbəbdən işin obyektiv araşdırılması üçün mətbuat işçilərinə məhkəmə zalında diktofondan istifadə etməyə, həmçinin foto və video çəkilişlərə aparmağa icazə verilsin”.

Hakim isə jurnalistlərin məhkəmə zalında diktofondan, video və video çəkilişdən istifadə etməsinin qadağan olduğunu bildirib. O, qeyd edib ki, məhkəmə prosesi açıq keçirilir, jurnalistlərdə qeydlərini apara bilərlər: “Onlara qeydlərini aparmağı heç kim qadağan etmir. Amma diktofondan istifadə etmək, video və foto çəkiliş aparmaq qadağandır”.

Daha sonra çıxış edən prokuror Abbas Abbaslı apelyasiya protestinin dəlillərini müdafiə etdiyini bildirib. O, qeyd edib ki, apelyasiya protestinə məhkəmə istintaqı aparılmadan, cinayət işinin dəlilləri araşdırılmadan baxılmalıdır.

Fəxrəddin Mehdiyev daha sonra bir neçə vəsatətlə çıxış edib. O, bildirib ki, prokurorluğun protestinə qismən istintaq aparılmaqla baxılmalıdır: “Biz prokurorluğun verdiyi bu protesti yüksək qiymətləndiririk. Çünki bu şikayət Lamiyə Quliyevanın azadlığa çıxması üçün böyük imkan yaradıb. Amma Xətai rayon Məhkəməsi tərəfindən Lamiyə Quliyevanın barəsində Cinayət Məcəlləsinin 317.2-ci maddə ilə hökm çıxararkən qanun pozuntusuna yol verilib. Çünki məhkəmə Lamiyə Quliyevanın barəsində bəraət hökmü çıxarmalı idi. Amma ədalətsiz qərar qəbul edərək Lamiyə Quliyevanın barəsində ittiham hökmü çıxarılıb”.

Vəkil qeyd edib ki, həmçinin Lamiyə Quliyevanın təqsirsizlik prizumsiyası pozulub. Fəxrəddin Mehdiyevin sözlərinə görə, məhkəmə tərəfindən Lamiyə Quliyevanın təqsiri sübuta yetirilməyib. Həmin vaxt Lamiyə Quliyevanın hökmdən apelyasiya şikayəti vermək hüququ da pozulub. Sonradan apelyasiya şikayətinin verilməsi ilə bağlı Xətai rayon Məhkəməsinə müraciət edilsə də, müraciətə müsbət cavab verilməyib. Lamiyə Quliyevanın apelyasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsi ilə bağlı şikayətinin təmin olunmaması barədə qərar qəbul edilib. Qərardan Bakı Apelyasiya Məhkəməsinə və Ali Məhkəməyə şikayət edilsə də, apelyasiya və kasasiya şikayətləri də təmin edilməyib”.

Fəxrəddin Mehdiyev bildirib ki, Lamiyə Quliyevanın cəzası 2013-cü ildə başa çatıb. Onun sözlərinə görə, həmin il Lamiyə Quliyevanın cəzası 6 ilə qədər artırılıb. Vəkil əlavə edib ki, Lamiyə Quliyevaya əlavə olaraq Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə cinayət işi qaldırılıb: “Lakin həmin işə baxan hakim cinayət işi üzrə bəraət verib və bu da Lamiyə Quliyevanın cəzasının daha da ağırlaşdırılmasının qarşısını alıb. Amma burada Cinayət Məcəlləsinin 317.1-ci maddəsi ilə aparılan cinayət işinin taleyindən söhbət gedir. İşə baxılarkən bir sıra ziddiyyətli məqamlar olub. Bu səbəbdən də şikayət qismən də olsa məhkəmə istintaqı ilə baxılmalıdır”.

Fəxrəddin Mehdiyev daha sonra Lamiyə Quliyevanın barəsində olan həbs qəti imkan tədbirinin dəyişdirilməsi və onun barəsində başqa yerə getməmək barədə qəti imkan tədbirinin seçilməsi ilə bağlı qərar qəbul edilməsi barədə vəsatət verib.

Məhkəməyə uşağı ilə qatılan Lamiyə Quliyeva çıxış edərək azadlığa buraxılmasını xahiş edib: “Mən uşağımı azadlıqda böyütmək istəyirəm. Peşmanam. Cinayəti nahaqdan törətməmişəm, səbəb vardı. Gəncliyim hədər gedib. Məni bunları etməyə həyat məcbur etdi, insanlar məcbur etdi. Xahiş edirəm, heç kim məni qınamasın. Mən artıq yorulmuşam. Xahiş edirəm, məni azadlığa buraxın”.

Aysel Ağayeva və onun vəkili zalda onlara işlə tanış olmağa şərait yaradılmassını və bundan sonra vəsatətlərlə bağlı münasibətlərini bildirəcəklərini deyiblər. Zalda bir neçə dəqiqəlik fasilə elan olunub və zərərçəkmiş tərəfə işlə tanış olmağa şərait yaradılıb.

İşlə tanış olandan sonra Aysel Ağayevanın vəkili bildirib ki, vəsatətlərin müzakirəsini məhkəmənin səalhiyyətinə aiddir. Vəkil bu səbəbdən də məsələni məhkəmənin mülafizəsinə verdiklərini deyib. Aysel Ağayeva da vəkilini fikri ilə razı olduğunu bildirib. Prokuror isə vəkilin apelyasiya protestinə məhkəmə istintaqı ilə aparılması ilə bağlı vəsatətini əsassız olduğunu deyib. O, bildirib ki, birinci məhkəmə instansiyasında cinayət işi hərtərəfli araşdırılıb, şahidlər dindirilib. Prokuror apelyasiya instansiyasında işə məhkəmə istintaqı ilə baxılması üçün əsas görməyib. Prokuror Lamiyə Quliyevanın barəsində seçilmiş həbs qəti imkan tədbirini olmadığını deyib.

Daha sonra hakimlər qərar qəbul etmək üçün müşavirə otağına yollanıblar. Müşavirədən qayıdan hakimlər vəsatətlərin təmin olunmaması ilə bağlı qərarı açıqlayıblar. Məhkəmə baxışı istintaq aparılmadan fevralın 20-nə təyin olunub.

Məhkəmə iclasından sonra jurnalistlərə açıqlama verən Lamiyə Quliyevanın anası Kifayət Quliyeva deyib ki, məhkəmənin ədalətli keçiriləcəyinə inanır: “Qızım barəsində bəraət hökmünün çıxarılması gözləyirəm. O, boş-boşuna türmələrdə çürüyür”.

Qeyd edək ki, Baş Prokurorluq 4 saylı cəzaçəkmə müəssisində saxlanan məhkum Lamiyə Quliyeva ilə bağlı Xətai Rayon Məhkəməsinə protest verib. Protestə əsasən Lamiyə Quliyevaya onun məhkum olunmasına dair hökmdən şikayət etmək hüququnun tanınması istənilib. Xətai Rayon Məhkəməsi protesti təmin edib. Lamiyə Quliyeva onun 5 il 6 ay azadlıqdan məhrum edilməsinə dair hökmdən şikayət vermək hüququ qazanıb.

Lamiyə Quliyeva 2003-cü ildə Aslan Aslanovun oğlunun qətlə yetirilməsinə görə 10 il müddətinə azadlıqdan məhrum edilib. Həmin müddət 2013-cü ildə bitib. Lakin 2012-ci ildə L.Quliyevaya yenidən ittiham elan olunub və Xətai Rayon Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməklə ümumilikdə 15 il 6 ay müddətinə cəzaya məhkum olunub.

Lamiyə Quliyevaya ümumilikdə 3 dəfə ittiham irəli sürülüb. Quliyeva 2003-cü ildə Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilərək 10 il azadlqıdan məhrum edilib.

2012-ci ildə Cinayət Məcəlləsinin 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə ittiham olunaraq 5 il 6 ay əvvəlki hökmlə təyin olunmuş cəzanın üstünə gəlinib. Bundan 1 il sonra, 2013-cü ildə o Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittihama olunub.

İşə Xətai Rayon Məhkəməsinin hakimi İbrahim İbrahimov üçüncü ittiham üzrə bəraətverici əsaslarla hökm çıxarıb. Lakin prokurorluq protest verib, Bakı Apelyasiya Məhkəməsinin hakimi Sahibxan Mirzəyev həmin hökmü ləğv edib. Beləliklə, Lamiyə Quliyevanın cəzası 6 il 6 ay artırılıb. Ali Məhkəmənin hakimi Hafiz Nəsibov Bakı Apelyasiya Məhkəməsinin qərarını ləğv edib birinci məhkəmə instansiyasının qərarını qüvvədə saxlayıb.

Hacı Zeynalov


Müəllif: