15 May 2014 14:58
1 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər prokurorluğu və Baş Polis İdarəsi Sabunçu rayonunda baş verən cinayətlə bağlı birgə məlumat yayıb. Bu barədə Teleqraf.com-a Bakı şəhər prokurorluğundan məlumat verilib.

Məlumata görə, paytaxtın polis, milli təhlükəsizlik və prokurorluq orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş daha bir ağır cinayətin qısa müddət ərzində açılması təmin edilib.

Xəbər verildiyi kimi, mayın 13-də Lənkəran rayon sakini, 1964-cü il təvəllüdlü Mehralıyev İltifat Nurməmməd oğlunun Sabunçu rayonunun Bakıxanov qəsəbəsində kirayədə yaşadığı evdə üzərində çoxsaylı xəsarətləri olan meyiti aşkar edilib və faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin tamah niyyəti ilə paytaxtın Nərimanov rayonunda kirayədə yaşayan, 1991-ci il təvəllüdlü Bədəlov Turqay Qulu oğlu tərəfindən törədilməsi müəyyən edilib. T.Bədəlov şübhəli şəxs qismində tutulmuş və cinayətin aləti olan bıçaq və iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

T.Bədəlov ifadəsində törətdiyi cinayət əməlini tam etiraf edib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Hacı Zeynalov


Müəllif: