17 Fevral 2015 12:38
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhkəmə iki nəfəri öldürən 22 yaşlı oğlana 7 il cəza kəsdi

Şəki Ağır Cinayətlər Məhkəməsində ağır yol qəzası törətməkdə təqsirli bilinən Qax rayon sakini, 1993-cü il təvəllüdlü Mahmud Məmmədlinin cinayət işi üzrə proses başa çatıb.

Hadisə ötən il mayın 14-də, gecə saat 23.30 radələrində Zaqatala-Qax yolunun 8-ci kilometrliyində, Muxax kəndi ərazisində qeydə alınıb. 1994-cü il təvəllüdlü Zaqatala rayonu Aşağı Tala kənd sakini Azər İsayev idarə etdiyi “VAZ 2106" markalı avtomobillə hərəkətdə olarkən Qaxın Cüdürlü kənd sakini 22 yaşlı Mahmud Məmmədlinin idarə etdiyi içərisi quru ot bağlamaları ilə dolu qoşqulu traktora çırpıb.

Baş vermiş qəza nəticəsində sürücü Azər İsayev, onun sərnişinləri - Zaqatala rayonu, Aşağı Tala kənd sakinləri 1992-ci il təvəllüdlü Həmzə Həmzəyev, 1994-cü il təvəllüdlü Müseyif Şabanov, Zaqatala rayonu, Donbabinə kənd sakini, 1994-cü il təvəllüdlü Rəşad Mollaçıyev və traktor sürücüsü Mahmud Məmmədov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qəza nəticəsində ağır bədən xəsarətləri alan Rəşad Mollaçıyev və Azər İsayevin həyatını xilas etmək mümkün olmayıb.

Araşdırmalar zamanı ağır qəzanın baş verməsində Mahmud Məmmədli günahkar bilinib. Onun sürücülük vəsiqəsinin olmadığı da aşkarlanıb. Bu səbəbdən Mahmud Məmmədli Cinayət Məcəlləsinin 263-1.4-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilib.

Mahmud Məmmədlinin vəkili Tahir Şamxalov bildirib ki, Mahmud Məmmədli mayın 14-də Zaqatala-Muxax-Qax avtomobil yolunun 4-cü kilometrində idarə etdiyi “T-40A” markalı traktorla yolun kənarı ilə hərəkət edərkən tanımadığı “VAZ-2103" markalı avtomobil tormozlama edərək qoşquya dəyib: ”Halbuki sürücünün yolu maneəsiz hərəkət etmək üçün bütün imkanları olub. İş materiallarında olan sənədlərdən və şahid ifadələrindən də görünür ki, “Jiquli” avtomobilinin sürət həddi saatda 130 kilometr olub. Mərhum sürücünün sürət həddini aşması iş materialları ilə sübuta yetirilib".

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mahmud Məmmədli 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun polis nəzarəti altında qətimkan tədbiri ləğv edilib, məhkəmə zalından həbsə alınıb.

Hacı Zeynalov


Müəllif: