15 May 2014 16:38
1 358

Yasamal rayonunda 31 yaşlı Ağamirzə Soltanov şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı əmisi oğlu, 35 yaşlı Ramiz Soltanovu bıçaqlayıb.

Teleqraf.com-un xəbərinə görə, Ramiz Soltanov yaxınlarının köməyi ilə xəstəxanaya çatdırılıb. Əməliyyatdan sonra həkimlər onun vəziyyətini orta ağır qiymətləndirib.

Ağamirzə Soltanov cinayəti törətdikdən sonra qaçıb gizlənsə də, Yasamal rayon Polis İdarəsinin əməliyyatçıları onu həbs ediblər. İstintaqa ifadə verən Ağamirzə Soltanov törətdiyi cinayəti etiraf edib.

O, deyib ki, əmisi oğlu ilə bacısı 5 ay əvvəl rəsmi qaydada boşanıblar. Bundan sonra isə Ramiz Soltanov dəfələrlə keçmiş həyat yoldaşının iş yerinə gələrək, onun barəsində xoşagəlməz sözlər işlədib. Bu sözlər Ağamirzə də eşidib.

Ağamirzə əmisi oğlundan bacısının arxasınca dediyi sözlərə izahat verməsini istəyib. Ramiz isə Ağamirzə ilə görüşdən qaçıb. Buna görə də o, Ramizin iş yerinə gedib, gizlənməsinə baxmayaraq onu tapıb. Mübahisə zamanı Ağamirzə əmisi oğlunu bıçaqlayıb.

O, ifadəsində qeyd edib ki, əmisi oğlunu öldürə bilmədiyinəə görə peşmandır: “Çox peşmanam ki, Ramizi öldürə bilmədim. Həbsxana kişi üçün tikilib. Heç kim heç kəsin şərəf və ləyaqətini alçalda bilməz. Bu dəfə öldürə bilmədim. Özümə söz verirəm ki, həbsdən çıxandan sonra onu öldürəcəyəm”.

Hacı


Müəllif: Teleqraf.com