19 Fevral 2015 17:39
1 053
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Teleqraf.com xəbər verir ki, məhkəmə saat 11.00-a təyin olunsa da, proses vaxtında başlamayıb. Hakim Əfqan Hacıyev bildirib ki, təqsirləndirilən şəxslərin vəkillərinin bəziləri məhkəmə iclasında iştirak etmirlər. Vəkillər saat 12.30-da məhkəməyə gələcəklərini bildiriblər və bu səbəbdən prosesdə fasilə elan olunub.

Həmin vaxt məhkəmə iclası yenidən başlasa da, vəkillərin prosesə qatılmadığı məlum olub. Hakimin sözlərinə görə, prosesdə iştirak etməyən vəkillər – Yunis Vəliyev və Şöhlət Allahmanovdur, onlar isə təqsirləndirilən şəxslərin müdafiəsi üçün dövlət vəsaiti hesabına ayrılıb.

Abdulla Abdullayev dövlət vəsaiti hesabına ayrılan vəkillərdən imtina edilməsini məsləhət bilib. Hakim yenindən məhkəmə iclasını günün ikinci yarısına təxirə salıb.

Günortadan sonra davam etdirilən prosesdə hakim məhkəmə iclasına vaxtında gəlməyən vəkillərə etirazını bildirib. Daha sonra Abdulla Abdullayevin vəkili Osman Kazımov vəsatətlə çıxış edib. O, bildirib ki, məhkəmənin hazırlıq iclasında 4 vəsatətlə çıxış edib, o cümlədən Abdulla Abdullayev barəsində cinayət işinə xitam verilməsi, seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini xahiş edib.

Osman Kazımovun sözlərinə görə, zərərçəkmişlərin sübutlar siyahısından çıxarılması, cinayət işində olan sənədlərin müdafiə tərəfinə təqdim edilməsi ilə bağlı vəsatətlər də verib, hakimlərsə həmin vəsatətlərin baxılmamış saxlanması barədə qərar açıqlayıblar: “Hazırlıq iclasının qərarında həmin vəsatətlərin rədd edildiyi göstərilib. Biz həmin qərarda qeyd olunan faktlara etiraz edirik və bunun protokola qeyd olunmasını istəyirik”.

Osman Kazımov daha sonra deyib ki, Abdulla Abdullayevin məhkəmə zalında qeydlər etmək, vəsatət vermək üçün hazırlaşmaq imkanı yoxdur: “Buna şərait yaradılması üçün Abdulla Abdullayevin dəmir barmaqlıqlar arasından çıxarılması, onun müdafiəçiləri ilə yanaşı əyləşdirilməsini istəyirik. Həmçinin prosesin video çəkilişinin aparılması da vacibdir. Bu məhkəmə prosesin şəffaflığı üçün vacibdir”.

Abdulla Abdullayevin müdafiəçisi cinayət işində olan zərərçəkənlərin adlarının sübutlar siyahısından çıxarılmasını da istəyib. Bildirib ki, Abdulla Abdullayevə mənzil tikintisi ilə bağlı ittihamın verilməsi düzgün deyil.

Vəkilin sözlərinə görə, cinayət işində olan sübutlar siyahisi müdafiə tərəfinə təqdim edilməyib: “Biz bununla bağlı əvvəlki prosesdə vəsatət vermişik. Amma əsassız olaraq vəsatətimiz təmin olunmayıb. Qanunda birbaşa göstərilib ki, cinayət işində olan sübutların siyahisi tərəflərə təqdim edilməlidir. Cinayət işində çoxsaylı sənədlər var, çoxusunun Abdulla Abdullayevlə əlaqəsi yoxdur. Bu sübutlarla, sənədlərlə tanış olmaq bizim hüququmuzdur”.

Vəkil daha sonra qeyd edib ki, cinayət işi üzrə olan ittiham aktı düzgün tərtib edilməyib, ordakı bəzi ittihamlar fərziyyələrlə göstərilib: “İttiham aktında deyilir ki, 144 milyon manat istintaqa məlum olmayan mənbə tərəfindən əldə edilib və mənimsənilib. Bundan başqa, Abdulla Abdullayevin İran İslam Respublikasında olan biznesinin də istintaqa məlum olmadığı qeyd olunub. Belə olan halda cinayət işinə məhkəmədə baxılması mümkün deyil. İstintaq belə nəticəyə gəlib ki, guya Abdulla Abdullayev istintaqa məlum olmayan mənbədən əldə etdiyi vəsaiti “AMAY-ın binasının tikintisinə sərf edib. Abdulla Abdullayev bu gün nədə ittiham olunduğunu başa düşmür. Bunun üçün də cinayət işindəki sübutlar Abdulla Abdullayevə təqdim olunmalıdır”.

Prokuror Həbib Nağıyev bildirib ki, cinayət işi üzrə ittiham aktı qanunla nəzərdə tutulmuş qaydada tərtib edilib. Prokuror isə zərərçəkənlərin sübutlar siyahısından çıxarılması üçün əsas görməyib:

“Zərərçəkənlərə ziyanın dəyib-dəyməməsi məhkəmə istintaqı zamanı müəyyən edilən məsələdir. Məhkəmədə zərərçəkənlər ifadə verməlidirlər və bundan sonra onlara ziyanın dəyib-dəymədiyi araşdırılmalıdır. Buna görə də cinayət işində olan zərərçəkənlərin məhkəmədə dindirilməsi vacibdir”.

Prokuror vəkilin hazırlıq iclasının qərarında vəsatətlərin rədd edilməsi ilə bağlı ittihamlarına belə cavab verib: “Hazırlıq iclasının qərarı Baş prokurorluğa daxil olsa da, həmin qərarın təsviri hissəsi ilə tanış ola bilməmişəm. Bu səbəbdən qərarda nəyin düzgün, nəyin səhv yazılmasına münasibət bildirmək istəmirəm. Bu məsələni məhkəmənin mülahizəsinə buraxıram”.

Prokuror daha sonra qeyd edib ki, cinayət işinin məhkəmə baxışına verilməməsi üçün əsaslı faktlar yoxdur. Onun sözlərinə görə, ittiham tərəfinin sübutları ittiham aktı çərçivəsində məhkəməyə təqdim olunub: “Həmin çərçivədə də işə məhkəmədə baxılacaq. Əgər sübutlar təkzib olunarsa, təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarıla bilər. Əks halda, ittiham hökmü çıxarılacaq”.

Yerində müşavirə keçirən hakim heyəti vəkilin vəsatətlərini baxılmamış saxlayıb. Hakim bildirib ki, müdafiəçinin qaldırdığı məsələlər hazırlıq iclasının qərarında şərh olunub. Hakim əlavə edib ki, prokurorluğun sübutları ittiham aktından ibarətdir, bu da müdafiə tərəfinə təqdim edilib.

Abdulla Abdullayev çıxış edərək bu cur işlər cinayət xarakterli deyil, mülki xarakterli olduğunu deyib: “Cinayətin sübutlarının bağlığını mənə göstərin. Hansı hallarda cinayətləri törətmişəm, mənə göstərin. Mən burdan ədalət gözləyə bilmirəm. Mən danışsam, bəzilərinə pis olacaq. Burda da olmasa, Avropa Məhkəməsi hüquqlarımı bərpa edəcək. Məni hər yerdə tanıyırlar, məni danışdırmayın... Hələ ki sizə hörmət edirəm, amma bir vaxta kimi... 25 ildir əziyyət çəkmişəm, indi də adımı dələduz qoyubsunuz. Məni leqallaşma ilə bağlı ittiham irəli sürülüb. Mənim leqallaşma halımı göstərin”.

Daha sonra prosesdə çıxış edən prokuror ittihamnaməni elan edib. İttihamlara münasibət bildirən Abdulla Abdullayev özünü təqsirli bilməyib və onların saxta olduğunu qeyd edib. Digər təqsirləndirilən Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasova da ittiham üzrə özlərini təqsirli bilməyiblər.


Abdulla Abdullayev və digərləri Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilirlər. Onlardan yalnız Abdulla Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, qalanlar zamindədirlər.

Onu da qeyd edək ki, yanvarın 29-da keçirilən iclas zamanı hakim Əfqan Hacıyev deyib ki, hazırda təqsirləndirilənlərdən Elşən Novruzov barəsində olan başqa bir cinayət işinə baxılır və o da bu cinayət işi ilə əlaqəlidir. Əfqan Hacıyev bu səbəbdən hakim heyətinin özlərinin özlərinə etiraz verdiklərini açıqlayıb.

Etiraz baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib, etiraza baxılıb və təmin edilməyib. İş yenidən hakim Əfqan Hacıyevin icraatına qaytarılıb.

Hacı Zeynalov


Müəllif: