15 May 2014 20:30
4 091

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində zorlamada təqsirli bilinən Adil Əsgərov və Mübariz Məmmədovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, ötən ilin sentyabrında Albalı qəsəbə sakini Vəfanın (ad şərti verilib) evinə iki kişi gəlib. Həmin vaxt qadın iki azyaşlı övladı da evdə olub. Onlar yatıblarmış. Çağırılmamış qonaqlar Vəfanı zorlayıblar. Ertəsi gün Sabunçu rayon Polis İdarəsinin 14-cü bölməsinə gələn Vəfa onu zorlayanları tanıdığını, həmin adamların həyat yoldaşının dostları olduqlarını deyib.

Həmin gecə şikayətçinin əri evdə olmayıb. O, işlədiyi kafedə qalıbmış. Polisin keçirdiyi əməliyyat nəticəsində zorlamada suçlu bilinən Adil Əsgərov və Mübariz Məmmədov tutulublar. Hər iki şəxsə Cinayət Məcəlləsinin 149-cu (zorlama) maddəsi ilə cinayət işi başlanıb və baxılması üçün məhkəməyə göndərilib. Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə veriblər. Onlar törətdikləri cinayəti qismən etiraf ediblər. Adil Əsgərov qadını zorlamaq fikrinə düşməklərini belə izah edib: “Biz kafedə bir yerdə yeyib-içdik. Axşam Mübarizlə kafedən çıxdıq.

Həmin vaxt bizdən böyük olan digər dostumuz kafedə qaldı. Onun gecəni işlədiyi kafedə qaldığını gördüyümüz üçün evinə gedib, arvadı ilə cinsi əlaqədə olmaq istədik. Onların həyətinə çatanda qapını döymədik, evə pəncərədən girdik. Qadın yatan otağa keçdik. Əvvəlcə Mübariz cinsi əlaqədə oldu. Qadın müqavimət göstərsə də, biz onun ağzını tutduq ki, səs-küy salmasın. Sonra mən əlaqədə oldum.

Biz gedəndə qadın yataqda ağlayırdı. İçkili olduğum üçün hərəkətlərimdən xəbərim olmayıb. Törətdiyim əməlimdən peşmanam”. Mübariz Məmmədov da qadına təcavüz etdiyini etiraf edib. Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsdirləndirilən şəxslərin hər birinə 8 il cəza təyin edilib.

Hacı Zeynalov


Müəllif: Teleqraf.com