23 Fevral 2015 13:15
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi paytaxtda səfirliyin attaşesinin döyülməsi ilə bağlı açıqlama yayıb.

Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, 2015-ci il fevralın 19-da Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin attaşesi D.Birnbaum Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək səfirliyin “İSR Plaza” mehmanxanasında yerləşən ofisində tanımadığı şəxsin təhqirinə və fiziki təzyiqinə məruz qaldığını, onun xuliqanlıq hərəkətləri nəticəsində sözügedən diplomatik nümayəndəliyin normal iş rejiminin qısa müddət ərzində pozulduğunu bildirib.

Məsələ ilə bağlı dərhal araşdırma aparılıb və həmin şəxsin Bakı şəhər sakini Fərid Nəcəfquluzadə olduğu müəyyən edilib. Təhqiqat orqanı tərəfindən D.Birnbaumun, səfirliyin digər əməkdaşlarının, həmçinin, Fərid Nəcəfquluzadənin izahatları alınıb, digər təxirəsalınmaz tədbirlər həyata keçirilib.

Toplanmış materiallar Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib. Burada isə faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

İşin tam, hərtərəfli və obyektiv araşdırılması və Fərid Nəcəfquluzadənin əməlinə hüquqi qiymət verilməsi üçün bütün zəruri tədbirlər görüləcəkdir.

Hacı Zeynalov


Müəllif: