25 Fevral 2015 17:25
903
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bələdiyyə sədri həmkəndliləri tərəfindən şərləndiyini açıqladı, məhkəmə ona şərti cəza təyin etdi

Şirvan Apelyasiya Məhkəməsində Kürdəmir rayonunun Qarasaqqal kənd Bələdiyyəsinin sədri Yengibar Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, Yengibar Əhmədov 2000-ci ilin yanvar ayından Kürdəmir rayonu Qarasaqqal Bələdiyyəsinin sədri vəzifəsində işləyib. O, bələdiyyələrin mülkiyyətində olan kəndyanı örüş sahələrinin əhalinin mal-qarası üçün ümumi istifadəyə ayrılan əraziləri həyat yoldaşı Luiza Əhmədovanın adına rəsmiləşdirib.

Bələdiyyə sədri 2005-ci ildən başlayaraq örüş sahəsinin 20-30 hektarında özü, həmçinin qeyri-rəsmi olaraq istifadə üçün verdiyi digər ərazilərdə isə həmkəndlisi Xürrəm Dadaşov taxıl əkib. Əkin sahələrinin becərilməsində istifadə olunan yanacaq və motor yağlarına görə dövlət büdcəsindən verilən yardımı mənimsəyib.

O, 2007-ci ildə 400 manat, 2008-ci ildə 800 manat, 2010-cu ildə 200 manat, 2011-ci ildə 244 manat, 2013-cü ildə 1280 manat alıb. Yengibar Əhmədov daha sonra Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə şöbəsinin 16 aprel 2012-ci il tarixli təklifi əsasında həmin örüş sahəsinin icarəyə verilməsi haqqında qəbul olunmuş qanunsuz qərarın ləğvi məsələsinə bələdiyyə iclasında baxılmalı olub. Amma o, həmin məsələyə bələdiyyənin iclasında baxmayaraq 46 hektar torpaq sahəsinin icarəyə verilməsi barədə qərarın ləğv edilməsinə dair tərtib olunmuş 17 aprel 2012-ci il tarixli iclas protokolunu imzalayıb. Bununla da o, həmin örüş sahəsini bələdiyyənin mülkiyyətinə qaytarmayıb.

Yengibar Əhmədov bələdiyyənin sədri işləməklə, eyni zamanda da xəzinədar vəzifəsini yerinə yetirərkən sürücü kimi Tahir Dadaşovla müqavilə bağlayıb. Tahir Dadaşov bələdiyyənin tərkibində sürücü vəzifəsində işləmədiyi halda adına 2011-ci ilin iyun ayında 255, 2012-ci ilin sentyabr ayında 270, dekabr ayında 282, 2013-cü ilin yanvar ayında 100 manat və mart ayında 200 manat rəsmiləşdirilib. Yengibar Əhmədova sürücünün adına yazılmış ümumilikdə 1107 manat əmək haqqını mənimsəyib.

Bundan əlavə, Yengibar Əhmədov qanunsuz olaraq Qarasaqqal kəndində yaşayan Sabir Dadaşov və onun həyat yoldaşı Pakizə Mənəfovadan pul tələb edib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Yengibar Əhmədov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş edib.

Hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə çıxış edən Yengibar Əhmədov barəsində çıxarılan hökmlə razı olmadığını bildirib. O, bildirib ki, elan olunmuş ittihamların bir hissəsi ilə razı deyil: Hökmlə təyin edilən cəza cinayətin ağırlığına və şəxsiyyətimə uyğun olmayıb. İbtidai istintaqın araşdırmasına əsasən müəyyən olunub ki, həyat yoldaşımın adına 2004-cü il tarixdə götürülən icarə torpağının qərarı o vaxtki bələdiyyə üzvlərinin iştirakı ilə şuranın qərarı ilə verilib və həmin torpaq sahəsinə Kürdəmir rayon Torpaq komitəsinin rəyi olmayıb. Bu fakt tam əsassızdır. Çünki, komitənin mütəxəssisləri həmin torpaq sahəsinə baxış keçirib, sxemi çəkilib və komitə sədri Gülbala Əsədov, mütəxəssis və bələdiyyə sədrinin imzaları, bələdiyyənin qərarı əsasında möhürlərlə təsdiq olunub. Bundan başqa ibtidai istintaqın araşdırmasına əsasən müəyyən olunub ki, həmin torpaq sahəsinin təyinatını dəyişmişəm. Halbuki torpaq sahənin xəritəsi var, həmin xəritədə torpaq sahəsinin təyinatı örüş kimi göstərilib".

Təqsirləndirilən şəxsin sözlərinə görə, istintaq materiallarında onun tərəfindən 7 il ərzində əkin sahəsindən 2804 manat məbləğində yanacaq-sürtkü pulu mənimsənildiyi iddia olunur: “Halbuki, 2804 manatı 7 ilə böldükdə hər ilə 400 manat düşür. Bundan başqa ibtidai istintaq araşdırması zamanı müəyyən edilib ki, bələdiyyə işləri ilə əlaqədar 1107 manat məbləğində pulu sürücünün adına yazmaqla mənimsənilib. 1107 manat pulu götürmüşəm və onları bələdiyyə işləri ilə bağlı digər şəxslərin nəqliyyat vasitələrindən istifadə edilməsi üçün ödəməklə sərf etmişəm. Lakin buna dair hesabat tərtib etməmişəm və bələdiyyə mühasibatlığına təqdim etməmişəm. Hesab edirəm ki, Tahir Dadaşovun adından rəsmi sənəd olan ödəniş cədvəllərinə imza etməklə vəzifə saxtakarlığına yol vermişəm. Bununla bağlı mənə verilmiş ittiham üzrə özümü təqsirli bilirəm. Lakin bu yolla kassadan götürdüyüm pulları özümə sərf etməmişəm. 1107 manat pulun mənimsənilməsi ittihamını əsassız hesab edirəm”.

Sabiq bələdiyyə sədri daha sonra qeyd edib ki, Bələdiyyə sədri vəzifəsində işlədiyi dövrdə heç kimdən şəxsi məqsədlə pul tələb etməyib: “2013-cü ilin əvvəllərindən başlayaraq Sabir Dadaşov və onun həyat yoldaşı Pakizə özbaşına zəbt etdikləri 0,56 ha ölçüdə torpaq sahəsinin adlarına rəsmiləşdirilməsi barədə şifahi müraciət ediblər. Sabir Dadaşovun adına Pakizə Mənəfova ilə evlənənə kimi torpaq sahəsi olub. Bu səbəbdən ev tikmək üçün onlara torpaq sahəsinin ayırılması üçün dövlət rüsumunu ödəmələri üçün ərizə ilə müraciət etməyi tövsiyə etdim. Sabirgil isə maddi imkanları olmadığını bildirdilər və torpağı adlarına rüsum ödəmədən rəsmiləşdirməyi tələb ediblər. Mən də bundan imtina etmişəm. Buna görə aramızda narazılıq yaranıb. Həmin ərəfədə Sabir Dadaşovun qohumu Rüstəm Rəsulov mənə qarşı ədavətli münasibət bəsləyib və qisas almaq üçün özü müxtəlif instansiyalara yalan şikayətlər yazıb, həmçinin Sabir Dadaşovu da məndən əsassız şikayətlər etməyə təhrik edib. Sabir Dadaşovla arvadı Pakizə, oğlu Samir də müxtəlif instansiyalara məndən əsassız şikayətlər ediblər. Sabirgilə dəfələrlə torpağı almaq üçün rüsum ödəməli olduqlarını izah etmişəm, digər kənd sakinlərinin də yalnız rüsum ödədikdən sonra torpağı adlarına rəsmiləşdirdiklərini bildirməyimə baxmayaraq onlar razılaşmayıblar. Rayon icra hakimiyyəti başçısının, kənd ərazi nümayəndəsinin yanında da onlara rüsum barədə izahat verilib. Buna baxmayaraq, onlar Rüstəm Rəsulovun təhriki ilə öz əsassız şikayətlərini davam etdiriblər. Bu səbəbdən Kürdəmir rayon Prokurorluğuna Rüstəm Rəhimov və Sabir Dadaşovun mənə şər atmalarından şikayət ərizəsi yazaraq ölçü götürməyi xahiş etmişəm”.

Yengibar Əhmədovun sözlərinə görə, Sabirin oğlu Samir Dadaşov rüsum ödəmək üçün 450 manat pul topladığını deyib: “Samir başqa imkanları olmadığını deyib. Rüsuma görə çatmayan 50 manat məbləğində pulu 450 manata özümdən əlavə edəcəyimi, 500 manat rüsum şəklində bələdiyyə ödəməyi, sonra, olanda mənim 50 manatımı qaytarmağı Samirə təklif etdim. Lakin Samir sözünü dəyişərək pulu azdır, cəmi 250 manatı olduğunu bildirdi. Samirə rüsumu tam ödəməyi təklif etdim. Samir də ümumiyyətlə rüsum pulu ödəməyəcəyini bildirdi. Noyabrın 13-də, günorta vaxtı Sabir Dadaşov oğlu Samirlə birlikdə evimə gələrək mal-qaralarını satdıqlarını və 2 gündən sonra pulunu alaraq torpağın rüsumunu ödəmək istədiyini bildirdi. Mən də onlarla razılaşdım. İki gün sonra ata və oğul yenə də gəldilər. Onlar rüsum pulunu ödəməyə hazır olduqlarını, lakin məbləği azaltmağı xahiş etdilər. İzah etdim ki, torpağın xüsusiyyətinə görə rüsum müəyyən edilib və azaldılması mənim imkanımda deyil. Sabirə ödədiyi 500 manat pul bələdiyyə hesabına keçiriləcək və buna dair ona qəbz veriləcək. Həmin vaxt Sabirgil məni həyətdə gözləyiblər. Bu zaman otağa özlərini baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları kimi təqdim edən 5-6 nəfər şəxs daxil oldu və videoçəkiliş aparmaqla məndən Sabirdən aldığım pulu təqdim etməyi tələb etdilər. Həmin pulu əynimdəki köynəyin cibindən çıxardaraq onlara təqdim etdim. Həmin əməkdaşların sualını cavablandırarkən bildirmişəm ki, bu 500 manatı Sabirdən rüsum ödəmək üçün almışam. Lakin Sabirlə oğlu Samir otağa çağırıldıqda üzümə yalandan dedilər ki, bu pulu onlardan torpağın sənədləşdirilməsi üçün rüşvət kimi almışam”.

Yengibar Əhmədov barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmün ləğv edilməsini istəyib. O, bildirib ki, barəsində yenidən ədalətli hökm çıxarılmalıdır. Yengibar Əhmədovun vəkili Ulduzə Əhmədova çıxış edərək müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Prokuror Ceyhun Əliyev isə qeyd edib ki, apelyasiya şikayətinin təmin olunması üçün əsas yoxdur. Tərəfləri dinləyən hakim heyəti Yengibar Əhmədovun apelyasiya şikayətinin təmin olunması barədə qərarı açıqlayıb. Qərara görə, Yengibar Əhmədovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və onun barəsində 2 il sınaq cəzası təyin edilməklə məhkəmə zalından azadlığa buraxılıb.

Hacı Zeynalov


Müəllif: