16 May 2014 12:25
1 200
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələn bazar ertəsindən başlayaraq banklarda yerləşdirilən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 10%-dən 9%-ə endiriləcək. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası 6 may 2014-cü ildə keçirilən iclasda qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinin dəyişdirilməsi barədə qərar qəbul edib.

İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, sığortalanan əmanətlər üzrə faizləri aşağı endirməsini müsbət addım kimi qiymətləndirmək olar. Amma problem ondadır ki, sığortalanan əmanətlər üzrə faiz dərəcələri aşağı düşsə də kredit faizləri yerindən tərpənmir: "Ötən ilin avqustunda sığortalanan əmanət faiziləri 12 faizdən 10 faizədək aşağı salındı. Amma bu addım hələ də kredit bazarına təsir göstərməyib. Belə görünür ki, əmanətlər üzrə faiz dərəcələrinin aşağı düşməsindən itirən sadəcə əmanətçilərdir, qazanan isə banklardır: onların pulu aşağı faizlə alınır, yüksək faizlə isə kredit formasında təklif edilir. Deməli, Mərkəzi Bank sığortalanan əmanətlər üzrə faiz dərəcələrinin aşağı saılnması ilə bağlı qərarın kredit bazarına real və potensial təsirlərinin qiymətləndirilməsi üçün risk-analiz aparmalı və buna uyğun banklar üçün tövsiyyələr hazırlamalıdır. Əks halda, əmanət faizləri azalsa da kredit bazarına vəziyyət ciddi şəkildə dəyişməyəcək.

Düzdür, sığortalanan əmanət faizlərinin yüksək olması bank kreditləri üzrə faiz dərəcələrini ağırlaşdıran əsas səbəblərdən biridir. Hazırda kommersiya banklarının əksəriyyəti hələ də ucuz kampaniya apararaq əhaliyə yüksək faizlə əmanət yerləşdirməyi təklif edirlər. Bu isə sonradan vətəndaşlar üçün müəyyən problemlər yaradır. Eyni zamanda Mərkəzi Bankın kommersiya banklarına əmanətlər üzrə təklif etdikləri faiz dərəcələrini Əmanətlərin Sığortalanması Fondunun faiz dərəcəsinə uyğunlaşdırmalarını tövsiyə etməsini də vacibdir. Çünki fondun müəyyənləşdirdiyi faiz dərəcəsindən yüksək faizlər təklif edən kommersiya bankları müflis olduğu halda oradakı əmanətləri qaytarmaq mümkün olmayacaq. Faizlər endirildikdən sonra daha çox əmanət cəlb etmək üçün kampaniya aparan kommersiya bankları öz faiz dərəcələrini fondun faiz dərəcələrinə uyğunlaşdırmazlarsa, həmin banklardakı əmanətlərin bir hissəsinin geri qaytarılma və ya batma riski artacaq. Beləliklə, Mərkəzi Bankın prosesə daha yaxından müdaxilə etməsinə ehtiyac yaranacaq".

Ekspert bildirdi ki, əmanətlərin sığortalanması üzrə maksimum məbləğin artırılması prosesi ləngiyib: "Fondun məlumatına əsasən, qurum əmanətlərin sığortalanması dairəsinə görə MDB ölkələri arasında ilk yerlərdən birini tutur. Mərkəzi Şərqi Avropa ölkələrində hər il sığortalanan əmanətlərin maksimum məbləğina baxılır. Əgər Polşada 2008-ci ilədək 22 min 500 avroya qədər əmanət sığortalanırdısa, həmin ilin oktyabrında sığortalanan əmanətlərin məbləği 50 min avroya, 2009-cu ildə 100 min avroya qədər artırıldı. Elə ölkələr var ki, onlarda sığortalanan əmanətlərin məbləğinə maksimum məbləğ və ya limitlər müəyyən edilməyib. Bu baxımdan, 30 min manatın sığortalanan maksimum məbləğ kimi nəzərdə tutulması sığortalanmaya və ya risk altında olan əmanətlərin dairəsini genişləndirir".

Ayxan


Müəllif: