2 Mart 2015 18:12

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirli bilinən dəstə üzvləri Şamxal Məmmədov, Zaur Hüseynov, Sadiq Abbasov, Mirəli Gəraylı, Əli Cabbarov, Saməddin Həsənəlinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, ötən ilin iyunun 24-də Aynurə Bayramovanın 225 manatını və qızıl əşyalarını quldurluq yolu ilə almış Bakı şəhər sakini Əli Həsənli tutulub.

Onun Bakı şəhər sakinləri Zaur Hüseynov, Şamxal Məmmədov, Mirəli Gəraylı, Sadiq Abbasov, Əli Cabbarov və Ceyhun Rəsulovla birgə iyunun 23-də Suraxanı rayonu ərazisindəki “Lukoil” yanacaq doldurma məntəqəsinin işçiləri Elvin Kərimovu və Röyal İsmayılovu tapançaya oxşar əşya ilə hədələyərək, küt alətlə xəsarət yetirərək oradakı seyfdən 5000 manat, habelə təhlükəsizlik kamerasının monitorunu aparması da müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə cinayətin digər iştirakçıları Zaur Hüseynov, Şamxal Məmmədov, Mirəli Gəraylı, Sadiq Abbasov, Əli Cabbarov tutulublar.

Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı martın 4-ə təyin edilib.

Hacı Zeynalov


Müəllif: