3 Mart 2015 17:30
577

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhərində sələfilərlə xəvariclər arasında baş verən silahlı insidentlə bağlı başlanmış cinayət işinin məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Elçin Əkbərov 9 il, Elmar Məmmədli 9 il, Zaur Paşayev 9 il, Firudun Musayev 7 il, Əhməd Salmanov 8 il, Anar Mirzəyev 8 il, Murad Məhərrəmov 8 il, Anar Rəhimov 8 il, Vüqar Abdullayev 8 il, Amil Tağıyev 7 il, Elçin Mirzəyev 8 il, Cəlal Mikayılov 7 il, Kənan Mehrəliyev 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2013-cü il dekabr ayının 11-də saat 20:30 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Soltan” çay evində baş verib. İki qruplaşma arasında dini baxışlarında olan fikri ayrılığına görə yaranmış mübahisə sonda silahlı insidentlə nəticələnib.

Hadisə zamanı Sumqayıt şəhər sakinləri Elmar Məmmədli və Anar Rəhimov bıçaq xəsarətləri, Təzə Corat qəsəbə sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev isə qəlpə yaraları alıblar. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə təqsirli bilinən Elçin Əkbərov, Əhməd Salmanov, Anar Mirzəyev, Zaur Paşayev, Elmar Məmmədli, Murad Məhərrəmov, Anar Rəhimov, Firudin Musayev, Vüqar Abdullayev, Amil Tağıyev, Elçin Mirzəyev, Cəlal Mikayılov, Kənan Mehrəliyev, Elşən Musayev, Elnur Nəzərəliyev və Vüqar Xəlilov həbs olunublar.

Onlara qarşı Cinayət Məcəlləsinin 221 (xuliqanlıq), 228 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 29, 120.2.4 (qəsdən adam öldürməyə cəhd) və 234-cü (qanunsuz olaraq narkotik vasitələr əldə etmə, daşıma, saxlama, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb.

Həbs olunanların arasında xəvariclərin əmiri, “Mamed” ləqəbli Elçin Əkbərov və sələfilərin lideri, “Hamza” ləqəbli Elşən Musayev də var. İstintaqla bağlı keçirilən baxış zamanı Əhməd Salmanovun evindən 110 qram həşiş, 5 kiloqram civəyə oxşar maddə, qanunla qadağan olunmuş 44 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat və 30 disk, Kənan Mehrəliyevin evindən isə 1 ədəd “F-1” qumbarası, 1 qumbara alışqanı, 123 ədəd avtomat patronu, qanunla qadağan olunmuş 30 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat və 30 disk aşkar edilərək götürülüb.

Hacı Zeynalov


Müəllif: