16 May 2014 17:02
3 974

Orta məktəb şagirdini qaçıran dəstənin üzvlərinə cəza verildi

Şəki rayonunun Böyük Dəhnə kənd sakinləri Zaur Bədəlov, Nicat Bayramov və Pərvin Paşayev yetkinlik yaşına çatmayan Dostuxanım Məmmədovanı oğurlayıblar.

İstintaq materiallarında göstərildiyinə görə, Pərvin Paşayev Zaur və Nicatla cinayət əlaqəsinə girərək Kiçik Dəhnə kəndində yaşayan 16 yaşlı Dostuxanım Məmmədovanı razılığı və istəyi olmadan zorla qaçırılması barədə razılaşıblar. Gündüz saat 14:30-da qrupun digər üzvünün “Vaz-21011" markalı avtomaşını ilə Dostuxanımın təhsil aldığı Kiçik Dəhnə kənd 1 nömrəli tam orta məktəbin qarşısına gəlib, onun məktəbdən çıxmasını gözləyiblər.

Dostuxanım bacısı Günel ilə birlikdə məktəbdən çıxıb və kəndarası yolla piyada evlərinə gedib. Bu zaman Pərvin dostları ilə birlikdə onları izləyib. Avtomaşını qızların yanında saxlayıblar və məktəbli qızı zorla avtomobilə mindiriblər.

Hadisə yerində olan Günel bacısının həmin şəxslər tərəfindən zorla oğurlanmasına mane olmağa çalışıb. O, səs-küy salaraq bacısının maşına mindirilməsinin qarşısını almaq istəyib. Bu zaman qrupun digər üzvü Günel Məmmədovanın ağzını tutaraq qışqırmasına imkan verməyib. Pərvin Güneli itələyərək yerə yıxdıqdan sonra Dostxanımı oğurlayaraq aparıb.

“Zaur dedi ki, burda istədiyim qız var”

Pərvin Paşayev Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu) maddəsi ilə ittiham edilib və cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Zaur Bədəlov və Nicat Bayramovun işinə ayrıca icraatda baxılıb və onlar məhkəmənin hökmü ilə məhkum olunublar.

Pərvin Paşayevin cinayət işi hakim Rəşid Hüseynovun sədrlik etdiyi kollegiyada araşdırılıb. O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Deyib ki, sentyabrın 29-da saat 11.00-da Mingəçevir şəhərində bazarın yaxınlığındakı kafedə çay içib: “Bu zaman Zaurun Şəki rayonunun Kiçik Dəhnə kəndinə gedəcəyini eşitdim. Zaurdan məni də həmin kəndə kimi aparmasını xahiş etdim. Zaur da buna etiraz etmədi.

Zaurun idarə etdiyi “Vaz-21011" markalı maşınla Kiçik Dəhnə kəndi istiqamətinə yola düşdük. Böyük Dəhnə kəndinə çatanda Zaur həmkəndlisi Nicatı yol kənarında gördü. Maşını saxlayaraq onu da götürdü. Nicat və Zaurla birlikdə Kiçik Dəhnə kəndinə tərəf getdik. Zaur kəndə çatdıqdan sonra avtomaşını bir döngədə saxladı, dedi ki, burda istədiyim qız var, onu ailə qurmaq üçün qaçırmaq istəyirəm”.

“Nənəm qızın razılığını alıb, özü bir az naz edir”

Pərvin Paşayev daha sonra ifadəsində qeyd edib ki, Nicatla birlikdə qızın Zaurla könüllü gedib-getmədiyini soruşub: “Zaurdan soruşduq ki, qız özü bu işə razıdır? Dedi, nənəm qızın razılığını alıb, özü də bir az naz edir. O, qızın da razılığını alacağını bildirdi. Zaura dedim ki, əgər yolda qız narazılıq etsə, ona kömək etməyəcəyik. Zaur da cavabında heç bir problemin olmadığını bildirdi.

Bundan sonra Zaur maşın sürməyi bacarıb-bacarmadığımı soruşdu, bacardığımı dedim. Sonra Zaur Dostuxanımı maşına mindirəndən sonra maşını mənim sürməyimi təklif etdi, razılaşdım. Gözləməli olduğumuz yerə çatanda Nicatla Zaur maşından düşdü. Təxminən 15-20 dəqiqə keçmiş Dostuxanımın bacısı Günellə gəldiyini gördüm. Qızlar maşının yanından keçəndə Zaur Dostuxanımı tutmaq istədi. Bu zaman Günel səs salmağa başladı. Nicat səs salmasın deyə əli ilə Günelin ağzını sıxdı.

Maşını bir qədər irəli sürdüm və Dostuxanımı tez maşına mindirmələri üçün Zaurgilin yanında saxladım. Zaur qızı arxa oturacağa mindirdi, özü də yanında oturdu. Bundan sonra Nicat Güneli buraxdı və maşına əyləşdi. Maşını işə salıb Böyük Dəhnə və Kiçik Dəhnə kəndləri arasındakı torpaq yolla sürdüm".

“Qızı zorla avtomaşına mindirməkdə köməklik göstərməmişəm”

Təqsirləndirilən şəxsin sözlərinə görə, qızın sakitləşmədiyini və narahatlıq yaratdığını görüb: “Zaura avtomaşını artıq idarə etmək istəmədiyimi və bundan sonra kömək etməyəcəyimi bildirdim. Həmin vaxt kəndin içində, körpüyə çatmamış yolda maşın xarab oldu. Buna görə də maşından düşdük. Açarı Zaura tulladım. Qızı zorla avtomaşına mindirməkdə Zaura heç bir köməklik göstərməmişəm. Dostuxanımı maşına Zaur özü tək mindirib. Onun Zaura ciddi müqavimət göstərdiyini görməmişəm. Ancaq qız maşından düşmək istəyib, Zaur onun qolundan tutaraq buna imkan verməyib. Nicatın yumruqla Günelin qarın nahiyəsinə vurması və onu yerə yıxmasından xəbərim olmayıb. Sonradan eşitmişəm ki, Zaur Dostuxanımı qohumlarına qaytarıb”.

“Dostuxanımı maşına tərəf aparmaq istəsəm də...”

Zaur Bədəlov Pərvin Paşayevin cinayət işi üzrə şahid qismində ifadə verib. O, deyib ki, nənəsi Sodərin məsləhətindən sonra evlənmək məqsədi ilə Dostuxanımı oğurlamaq qərarına gəlib: “Buna görə də tanışım Pərvin və Nicatla ”Vaz-2011" markalı maşınla Kiçik Dəhnə kəndinə gəldim. Sözarası Nicat və Pərvinə istədiyim qızı qaçırmaq istədiyimi bildirdim. Nicat və Pərvin də razılaşdılar.

Dostuxanımgilin küçəsində maşını döngədə saxladım. Orada Nicat və Pərvinə Dostuxanımla ailə qurmaq üçün nənəm Sodərin məsləhəti ilə aparmağa gəldiyimi bildirdim. Bundan sonra uşaqlara dedim ki, qız bir az səs-küy salsa da, ona əhəmiyyət verməyin. Çünki görünüş üçün edəcək ki, səhərisi gün valideynləri onun həqiqətən qaçırıldığını hesab etsinlər.

Daha sonra Pərvindən həmin vaxt maşını idarə etməsini xahiş etdim. Pərvin əvvəlcədən xəbərdarlıq etmişdi ki, qız razı olmasa, yaxud narahatçılıq törətsə, onlardan dərhal uzaqlaşacaq. Təxminən 15-20 dəqiqə sonra Dostuxanımın bacısı Günellə birlikdə gəldiyini gördüm. Dostuxanımı Nicata göstərərək qaçırmaq istədiyim qızın bu olduğunu dedim.

Dostuxanım maşına yaxınlaşanda qızın qolundan tutdum və maşına oturmasını xahiş etdim. Bu zaman Günel səs salmağa başladı. Nicat əli ilə Günelin ağzını tutdu. Dostuxanımı maşına tərəf aparmaq istəsəm də, qız dartınaraq maşına minmək istəmədi".

“Pərvin açarları üstümə tulladı”

Zaur Bədəlov deyib ki, Dostuxanım yolda səs-küy salmağa başlayıb: “Bunu görən Pərvin bildirdi ki, bəs deyirdin qız sakit dayanacaq? Pərvin qızın sakit dayanmadığını gördü və mənimlə mübahisə etməyə başladı. Buna görə də Pərvin maşını sürmək istəmədi. Həmin vaxt Böyük Dəhnə kəndinin içindəki körpüyə çatmamış maşın xarab oldu. Pərvin açarları üstünə tullayaraq ”artıq sizinlə getmirəm və bu işdə sizə heç bir köməklik etməyəcəyəm"-deyə bildirdi. Pərvin oradan getdi. Bundan başqa Pərvin heç bir şey etməyib".

“Məni qaçırmaq istədiyini başa düşdüm”

Dostuxanım Məmmədovanın sözlərinə görə, bacısı Günellə oxuduğu məktəbdən çıxıb evə gedən zaman küçələrində avtomaşının dayandığını görüb: “Maşının yanına çatmağımıza az qalmış Zaur məni Nicata göstərdi və Nicatdan məni tutmasını istədi. Məni qaçırmağa hazırlaşdıqlarını başa düşdüm. Buna görə geri qaçmağa başladım. Nicat arxadan məni tutmağa çalışanda bacım mane olmaq istədi. Bu zaman Zaur özü məni tutdu. Müqavimət göstərdiyim üçün məni maşına apara bilmədi. Bu vaxt maşının sürücüsü gələrək Zaura kömək etdi. Birlikdə məni sürüyə-sürüyə maşına mindirdilər. Maşından düşüb qaçmaq istəsəm də, Zaur başımdan vurdu. O, səsimi çıxaracağı təqdirdə məni öldürəcəyi ilə hədələdi”.

Zərərçəkmiş deyib ki, qaçırıldığı maşın yolda xarab olub. Zaur onu avtomaşından düşürərək piyada bağların arası ilə aparıb: “Bu zaman qaçmaq istəyəndə yıxıldım. Zaur məni tutandan sonra təpiklə sol ayağımın topuq hissəsinə vurdu. Avtomaşın xarab olandan sonra Pərvin bizdən ayrıldı və harasa getdi. Daha sonra Zaur məni çayın içərisi ilə Nicatın Böyük Dəhnə kəndində yaşayan əmisi Laçın Bayramovun evinə apardı.

Zaurla birlikdə təxminən yarım saata yaxın Laçının evində qalsam da, ev sahibi Zaura heç bir köməklik göstərmədi. Bundan sonra Zaur kiməsə zəng vuraraq, bizi Mingəçevir şəhərinə aparmasını xahiş etdi. Bir az sonra həmin evə bir xarici markalı avtomaşın gəldi. Zaur məni həmin avtomaşına mindirmək istədi. Maşına minməyə etiraz etdim. Zaur qolumdan tutaraq sürüyərək məni maşına mindirdi. Sonradan adını bildiyim Araz adlı şəxs idarə etdiyi “Mercedes” markalı avtomaşınla Mingəçevir şəhərinə gəldik. Arazın yolboyu Zaurla nə söhbət etdiyindən xəbərim olmayıb".

“Mənə qarşı seksual hərəkətlər etməyib”

Dostuxanım Məmmədovanın ifadəsinə görə, Mingəçevir şəhərində bir həyət evinə gəliblər: “Cuma adlı şəxs Zaurun məni zorla qaçırdığını biləndən sonra anamın mobil telefon nömrəsini aldı. O, anama zəng vuraraq, mənim onlarda olduğumu bildirdi”.

Dostuxanım Məmmədova daha sonra qeyd edib ki, Zaur zorla qaçırtdıqdan sonra onunla cinsi əlaqədə olmayıb: “Mənə qarşı heç bir seksual xarakterli hərəkətlərə yol verməyib”.

Qızı qaçırılan ana şikayətçi olub

Dostuxanımın anası Təranə Məmmədovanın sözlərinə görə, həmin gün qızı Günel ağlaya-ağlaya evə gəlib və tanımadığı iki şəxsin bacısı Dostuxanımı zorla qaçırdıqlarını deyib: “Günel həmin şəxslərdən birinin Mingəçevir şəhərində yaşayan uzaq qohumları Zaura oxşatdığını bildirdi. Ona görə dərhal Daxili İşlər Nazirliyinin ”102" xidmətinə zəng edərək hadisə barədə məlumat verdim. Maşınla Şəki şəhər polis şöbəsinin Sarıca polis bölməsinə getdim və yetkinlik yaşına çatmayan qızım Dostuxanımın Zaur tərəfindən qaçırılması barədə şikayət ərizəsi yazdım.

Həmin bölmənin iki polis əməkdaşı ilə birlikdə Mingəçevir şəhərinə gəldik. Zaurun anasının Mingəçevir şəhər xəstəxanasında işlədiyini bildiyimdən birbaşa həmin xəstəxanaya getdik. Lakin Zaurun anasını tapa bilmədiyimiz üçün Zaurgilin evinə yollandıq. Evləri həmin vaxt bağlı olduğundan Zaurun xalası evinə getik. Polis əməkdaşları ilə birlikdə Mingəçevir şəhərində Zauru və qızımı axtarsaq da, tapa bilmədik. Təxminən bir saatdan sonra bir nəfər mobil telefonuma zəng vurdu. Həmin şəxs Dostuxanımın anası olub-olmadığımı soruşdu. Təxminən bir saatdan sonra qızımı gətirdilər. Qızımı götürəndən sonra kəndə qaytdıq".

Məhkəmənin hökmü ilə Pərvin Paşayev 9 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində həbs qəti imkan tədbiri seçilib və məhkəmə zalından həbs edilib. Zaur Bədəlov və Nicat Bayramovun işinə ayrıca icraatda baxılıb. Zaur Bədəlov 12 il müddətinə azadlıqdan məhrum edilib. Nicat Bayramov isə şərti cəza alıb.

Hacı Zeynalov


Müəllif: