5 Mart 2015 00:14
347

ABŞ-da 3 yaşlı oğlan öz qardaşına atəş açıb.

Hadisə ABŞ-ın Tennesi ştatında baş verib. Belə ki, dünən gündüz vaxtı Hillsboro şəhərində 3 yaşlı oğlan uşağı 18 aylıq kiçik qardaşına tapançadan atəş açıb. Güllə körpənin başına dəyib. Xəstəxanaya aparılan uşağın vəziyyəti haqqında hələlik heç bir məlumat yoxdur. Polis hələ də uşağın əlinə tapançanın necə düşdüyünü araşdırır.

Qeyd edək ki, ABŞ-da belə hadisələr tez-tez olur. Yanvarın sonunda Missuri ştatında 5 yaşlı oğlan evdə tapdığı silahla təsadüfən 9 aylıq qardaşını güllələyib. Keçən il dekabrın sonunda isə 2 yaşlı körpə anasının çantasından tapdığı silahla anasına atəş açıb. Qadın yerindəcə keçinib. Hadisə 29 yaşlı qadın 4 uşağı ilə supermarketdə alış-veriş edərkən olub.

Xatırladaq ki, 2013-cü il yazda ABŞ prezidenti Barak Obamanın Demokratlar partiyasındakı tərəfdarları ölkədə silah gəzdirilməsi və satışının məhdudlaşdırılması ilə bağlı təklif irəli sürüblər. Amma senat vətəndaşların silah gəzdirmə hüququna əsaslanaraq bu qanun layihəsini qəbul etməyib. /anspress.com/


Müəllif: